Vergi Məcəlləsi 2025: Vergi Məcəlləsinə dəyişikliklər 2025
Vergi Məcəlləsi 2025: Vergi Məcəlləsinə dəyişikliklər 2025

 

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər 2025

 

Qeyd: Bu səhifənin aşağısında yerləşən "Download as document" düyməsinə klikləyərək bu məqalənin ingiliscə PDF nüsxəsini yükləyə bilərsiniz: Azərbaycan Vergi Məcəlləsi: 2025-ci il Vergi Məcəlləsi Dəyişiklikləri.

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir. Bu dəyişikliklər, bəzi istisnalar istisna olmaqla, 1 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcəkdir.

 

Aşağıda 27 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri (“Dəyişikliklər” və ya "Vergi Məcəlləsi Dəyişiklikləri 2025") izah olunur. Dəyişikliklər əsasən aşağıdakılara aiddir: vergi ödəyicilərinin əlavə vəzifələri; fiziki şəxslərin gəlir vergisinə genişləndirilmiş azadolmalar, o cümlədən illik gəliri 45 000 AZN-ə qədər olan bəzi mikro-bizneslər üzrə güzəştlər; Özəl-Dövlət Əməkdaşlığı üzrə enerji layihələri və yüksək texnologiyalar parkları üçün və digər sahələrdə mənfəət vergisi güzəştləri; ƏDV-yə əlavə azadolmalar; maliyyə sanksiyalarının genişləndirilməsi və artırılması; və vergi orqanlarının əlavə nəzarət səlahiyyətləri. Oxuma rahatlığı üçün 2025-ci il Vergi Məcəlləsi Dəyişiklikləri aşağıda qeyd olunan alt mövzulara bölünmüşdür.

 

Aşağıdakı istisnalar xaricində, dəyişiklik edilmiş maddələr 1 yanvar 2025-ci il tarixindən qüvvəyə minir:

  • Azərbaycan Respublikasının "Sosial Sığorta haqqında" və "İşsizlikdən Sığorta haqqında" qanunlarına uyğun olaraq sərbəst vəsaitlərin investisiyasından əldə edilən gəlirlər mənfəət vergisindən azaddır – 1 yanvar 2024-cü ildən qüvvədədir;
  • Teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr xidmətləri üçün ƏDV-nin qaytarılması – 1 iyul 2025-ci ildən qüvvədədir (ƏDV bölməsinə bax);
  • Bazar sahiblərinin yeni vergi öhdəlikləri (Vergi ödəyicilərinin vəzifələri bölməsinə bax), vergi orqanlarının müvafiq səlahiyyətləri (Vergi Nəzarəti və Auditi bölməsinə bax), bu öhdəliklərin pozulmasına görə sanksiyalar (Sanksiyalar bölməsinə bax) – Dəyişikliklərin qəbul edilməsindən 9 ay sonra qüvvəyə minir.

 

 

Vergi orqanları və vergi ödəyicilərinin hüquq və vəzifələri

 

  • Vergi orqanının bazar qiyməti ilə bağlı səlahiyyəti genişləndirilir:
  1. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, Dəyişikliklərə əsasən, artıq digər üsullardan (“sonrakı satış” və “dəyərin toplanması üsulları”) istifadə etmədən birbaşa müqavilə əsasında cəlb edilmiş ekspert rəyinə əsasən müəyyənləşdirilə bilər. Əvvəlki mətni əsasən, ekspert rəyindən yalnız qeyd edilən digər üsullardan istifadə edilməklə bazar qiyməti müəyyən edilə bilmədikdə istifadə edilə bilərdi.

 

  • Malların idxalı zamanı məlumatlandırma sadələşir:
  1. Malların idxalı ilə bağlı vergi orqanına məlumatlar verilərkən “vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatlar”ın verilməsi tələb edilməyəcəkdir.

 

  • Bazar mülkiyyətçilərinin vəzifələri artırılır:
  1. Bazar mülkiyyətçiləri tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq;
  2. Bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək);
  3. Bazar mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı elektron formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək;
  4. Bu tələblər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları aid edilmir. Bazar mülkiyyətçilərinə aid bu vəzifələr həmçinin bazarlar idarəetməyə verildikdə onların idarəedicilərinə də şamil edilir

 

  • Avans ödənişi üzrə sadələşmə:
  1. Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən ödəniş xidməti təchizatçılarına təqdim edilən ödəniş tapşırığında avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi ilə bağlı məlumatların göstərilməsi tələbi ləğv olunur.

 

Sanksiyalar

 

  • Transfer qiymətləri ilə bağlı və nəzarəti olunan xarici müəssisələrin gəlirləri barədə arayışların müəyyən edilən müddətlərdə təqdim edilməməsi və ya arayışlarda düzgün olmayan məlumatların göstərilməsi ilə bağlı sanksiya məbləği 2000 manatdan 6000 manata qaldırılır;
  • transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydalarında nəzərdə tutulmuş sənədlərin vergi orqanının tələbi ilə 60 gün müddətində təqdim edilməməsi halında vergi ödəyicisinə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.Bazar mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı elektron formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim edilmədikdə və ya təhrif edilmiş məlumat təqdim edildikdə 1000 manat sanksiya tətbiq ediləcəkdir;
  • bazarlarda olan təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks olunmamasına görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir. Bu maddə Dəyişikliklər qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir;
  • Bazar mülkiyyətçiləri tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaradılmaması halında, təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2000 manat, ikinci dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir. Bu maddə Dəyişikliklər qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir və qüvvəyə mindikdən sonra 6 ay müddətində vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.

 

Fiziki şəxslərin gəlir vergisi

 

  • Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə vergitutma obyekti səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq olaraq müəyyən edilmişdir. Bu halda digər iştirak payı və səhmlərə aid edilmiş gəlirin hesablanma qaydası (xalis aktiv dəyəri və nominal dəyər fərqi) tətbiq edilməyəcəkdir. Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi məbləğində tutulur.

 

Fiziki şəxslərin gəlir vergisindən azadolmalar və güzəştlər

 

  • Həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlərə fiziki şəxslərin gəlir vergisindən azadolmalar və güzəştlər sadəcə həmin müqavilənin qeyri-dövlət sektoruna aid olduğu hallarda şamil edilir. Bu dəyişiklik 2025-ci il yanvarın 1-dən sonra bağlanmış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə ödənilən sığorta haqlarına münasibətdə tətbiq edilir. Qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq edilir. Həmin vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq edilir;
  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 4 il müddətinə fiziki şəxslərin gəlir vergisindən azaddır;
  • Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə;
  • Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film  istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri –  2025-ci il yanvarın 1-dən 5 il müddətinə;
  • Filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə;
  • Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarların həmin layihələr üzrə əldə etdikləri gəlir – müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq fiziki şəxslərin gəlir vergisindən azaddır;
  • Aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizinə də azadolma şamil edilir:
    • proqram təminatının işlənməsi sahəsində xidmətlər;
    • layihə-dizayn və dekorasiya xidmətləri;
    • tərcümə xidməti;
    • reklam xidməti;
    • araşdırma və tədqiqat sahəsində fəaliyyət;
    • elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
    • hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
    • jurnalistlərin fəaliyyəti;
    • bazar konyukturunun öyrənilməsi;
    • qiymətləndirmə fəaliyyəti;
    • avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
    • turizm bələdçiliyi;
    • xidmətlərin ixracı.

 

Son abzasda göstərilən fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara yuxarıda qeyd edilən güzəşt şamil edilmir. Həmin fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki,  qeyd edilən fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

 

Yuxarıdakı abzaslarda nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır.

 

Hüquqi şəxslərin mənfəət vergisi

 

  • Dəyişikliklərə əsasən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə vergitutma obyekti səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq kimi müəyyən edilmişdir.

 

Hüquqi şəxslərin mənfəət vergisindən azadolmalar və güzəştlər

 

Vergi Məcəlləsi Dəyişiklikləri 2025-ə əsasən, əlavə olaraq aşağıdakı gəlirlər də hüquqi şəxslərin mənfəət vergisindən azaddır:

 

  • texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə;
  • qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film  istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdiyi mənfəətin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə;
  • dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan hüquqi şəxslərin həmin layihələr üzrə əldə etdikləri mənfəət – müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;
  • “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sərbəst vəsaitlərin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlər (2024-cü il yanvarın 1-dən  tətbiq edilir).

 

 

Gəlirdən çıxılmayan xərclər

 

Alış aktı və NKA əsasında məhdud (vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində) xərclərə icazə verən müddəaya əlavə istisna daxil edilmişdir. qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar

 

Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan müddəalarda dəyişikliklər

 

İcarə haqqının vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənilməsi zamanı müvafiq maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə verginin ödənilməsi icarəyə verənin özü ilə yanaşı, onun təyin etdiyi vergi agenti tərəfindən də həyata keçirilə biləcək.

 

Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən tutulan verginin dərəcəsi 5 faiz olaraq müəyyən edilmişdir.

 

Gəlirin və xərcin uçotu

 

Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılır:

  • tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;
  • həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri yuxarıdakı abzasda qeyd edilən üsulla müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;
  • faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.

 

 

Əlavə dəyər vergisi (ƏDV)

 

  • Kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı əlavə dəyər vergisinin (ƏDV) yalnız ticarət əlavəsi əsasında hesablanması müddəti daha 2 il müddətinə (2022-ci il yanvarın 1-dən 5  il müddətində)  uzadılmışdır. Müvafiq olaraq, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən kənd təsərrüfatı məhsullarına görə ödənilmiş əlavə dəyər vergisi (ƏDV) məbləğlərinin əvəzləşdirilməməsi müddətinin də 2 il uzadılması qeyd edilmişdir;
  • Xidmətlərə verilmiş anlayışa edilmiş dəyişikliklə, ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi və işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi ilə yanaşı həmçinin torpağın icarəyə verilməsi də istisna olunmuşdur Beləliklə, torpağın icarəyə verilməsi üzrə gəlirlər ƏDV-dən azad edilir;

 

 

ƏDV-dən azadolmalar və güzəştlər

 

Vergi Məcəlləsi Dəyişiklikləri 2025-ə əsasən, əlavə olaraq malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:

  • Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı – 2025-ci il yanvarın 1-dən 8 il müddətinə;
  • dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;
  • müdafiə təyinatlı məmulatların layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi zamanı ƏDV-dən azad edilmə üçün bu məmulatların onlar tərəfindən istehsal edilməsi tələbi aradan qaldırılmışdır;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddəti bir il müddətinə uzadılmışdır;
  • qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsi əlavə dəyər vergisinin (ƏDV) sıfır (0) dərəcəsi ilə tutulması tətbiq olunan xidmətlərin siyahısına daxil edilmişdir.

 

 

ƏDV-nin qaytarılması

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır.

 

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir  (teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan məbləğ istisna olmaqla). Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan məbləğ yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir. Bu abzasda qeyd olunmuş dəyişikliklər 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

 

 

Aksizlər

 

İdxal olunan bu aksizli mallar üçün vergi tutulan əməliyyatın məbləği (vergitutma bazası) –  onların miqdarıdır:

  • tütün məmulatları və onların əvəzediciləri;
  • birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
  • elektron siqaretlər üçün maye;
  • içməli spirt, pivə (alkoqolsuz pivə istisna olmaqla) və spirtli içkilərin bütün növləri;
  • energetik içkilər;
  • neft məhsulları.

 

Bu idxal olunan aksizli mallar üçün vergi tutulan əməliyyat (vergitutma bazası) – onların mühərrikinin həcmidir:

  • minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
  • avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
  • dövlət qeydiyyatına alınmalı olan motosikletlər;
  • istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.

 

İdxal olunan platinə görə vergi tutulan əməliyyat (vergitutma bazası) platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə –  qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə – almazın karatıdır.

 

İdxal olunan xəz-dəri məmulatları üçün vergi tutulan əməliyyatın (vergitutma bazasının) məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz və ƏDV çıxılmaqla).

 

Əmlak vergisi

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parkları ilə yanaşı sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru da sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin ərazisində yerləşən əmlaklarına görə əmlak vergisindən azad edilmişdir.

 

Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan əmlaka görə əmlak vergisini ödəməkdən azaddırlar.

 

 

 Torpaq vergisindən azadolmalar və güzəştlər

 

  • Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin ərazisində istifadə etdiyi torpaqlara görə;
  • Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan torpaqlara görə;
  • Eləcə də, qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 2025-ci il yanvarın  1-dən 5 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

 

 

Yol vergisi

 

Vergi Məcəlləsi Dəyişiklikləri 2025-ə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manat olmaqla hesablanır və topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) əlavə edilir. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manat olmaqla hesablanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (idxal rüsumu, aksiz  və ƏDV daxil olmaqla) əlavə edilir.

 

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq orqanın (qurumun) müəyyən etdiyi qaydada 2025-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə yol vergisindən azaddır:

  • dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq orqanın (qurumun) müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
  • xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq orqanın (qurumun) müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

 

 

Vergi nəzarəti və vergi yoxlamaları

 

  • Xarici gəlirlərlə bağlı vergi yoxlamaları dövrü dəqiqləşdirilmişdir:
  1. Xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.

 

  • Operativ vergi nəzarətinin əhatə dairəsinə aşağıdakı məsələlər də daxil edilmişdir:
  1. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda icarəyə götürülən subyektlərin (obyektlərin) vergi orqanında uçota alınması təmin edilmədən icarəyə götürən şəxslərin həmin subyektlərdə (obyektlərdə) fəaliyyət göstərməsinə şərait yaradılması hallarının aşkar edilməsi;
  2. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) hallarına nəzarət edilməsi.Bu maddə Dəyişikliklər qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.

 

Azərbaycan Vergi Məcəlləsi (2025) ilə bağlı suallarınız və ya mühasibatlıq və vergi xidmətləri ilə bağlı müraciətləriniz üçün bizimlə əlaqə saxlayın: [email protected]