Xəstəlik vərəqələrinin verilməsi ilə bağlı yenilik
Xəstəlik vərəqələrinin verilməsi ilə bağlı yenilik

“Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

4 Aprel tarixində edilmiş dəyişikliklərə əsasən sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydaları müəyyən edilmişdir.

 

Yeni dəyişikliklərlə,xəstəlik vərəqələri sığortaolunanlar və sığortaedənlər tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” (bundan sonra - VSİS) vasitəsilə elektron sənəd formasında, o cümlədən sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət edildikdə VSİS-dən kağız daşıyıcıda çap olunmuş formada əldə edilir.

 

Xəstəlik, və ya xəsarət üzrə xəstəlik vərəqələri sığortaolunanın əmək qabiliyyəti bərpa olanadək və ya tibbi-sosial ekspert komissiyası tərəfindən ona əlillik müəyyən edilənədək bütün müddət üzrə tərtib edilir.

 

 

Vərəm xəstəliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunan üçün həkim-məsləhət komissiyası (bundan sonra HMK) tərəfindən tərtib edilmiş və HMK sədrinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş 2 aydan artıq olmayan müddətə xəstəlik vərəqəsi verilə bilər. Tibb müəssisəsində HMK olmadıqda, həmin xəstəliklər üzrə sığortaolunanlar üçün 2 aydan artıq olmayan müddətə xəstəlik vərəqəsi müalicə həkimi tərəfindən tərtib edilir və baş həkimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Xəstənin vəziyyətinin iş yerində onun əmək funksiyalarının yerinə yetirilməsinə imkan vermədiyi və müalicənin gedişinə maneçilik törədilmədiyi halda həmin xəstəlik vərəqəsinə sığortaolunanın müvəqqəti olaraq başqa işə keçirilməsinin mümkünlüyünə dair qeyd əlavə olunur. İşçini bu abzasda göstərilməyən digər xəstəliklərlə əlaqədar olaraq başqa işə keçirmək lazım gəldikdə xəstəlik vərəqəsi deyil HMK-nin rəyi verilir.

Tibb məntəqəsində həkim olmadıqda, yalnız tibb bacısı və ya feldşer olduqda onlar xəstəlik vərəqəsi tərtib etmir, ilkin tibbi yardım göstərərək əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanı dərhal qəbul olunmaq üçün poliklinikaya və ya ambulatoriyaya göndərirlər.

 

Ölkə daxilində başqa şəhərdə (yerlərdə) müalicə olunmaq üçün xəstəlik vərəqəsi HMK-nin sədri və üzvləri tərəfindən (HMK olmadıqda isə müalicə həkimi və baş həkim tərəfindən) elektron sənəd formasında tərtib edilib, həmin xəstəlik vərəqəsi ərazi üzrə dövlət tibb müəssisəsinin rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.

 

Xəstəlik vərəqələri sığortaolunanların müraciəti əsasında tibb müəssisələri tərəfindən elektron sənəd formasında tərtib edilir.

 

Xəstəlik vərəqələri əmək qabiliyyətini müvəqqəti itirmiş şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin FİN-i, sosial sığorta nömrəsi (SSN) (əgər vardırsa), əmək qabiliyyətinin müvəqqəti itirilmə növü (xəstəlik, istehsalatda və ya məişətdə baş vermiş bədbəxt hadisə, karantin, xəstəyə qulluq, sanatoriya-kurort müalicəsi və ya hamiləlik və doğuş), doğuşla əlaqədar olduqda doğuş tarixi, xəstəyə qulluqla əlaqədar olduqda həmin xəstənin soyadı, adı, atasının adı, FİN-i, qohumluq dərəcəsi, diaqnozu, karantinlə əlaqədar olduqda karantinə səbəb olan xəstəliyin adı, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və xəstəlik vərəqələrinin tərtib edilməsinə əsas verən digər hallar, xəstəlik vərəqəsinin başlama və bitmə tarixləri, onu verən tibb müəssisəsinin adı, hüquqi ünvanı, VÖEN-i, xəstəlik vərəqəsinin uzadılma tarixi, davamı olması barədə qeyd, iş yeri, rejim, rejim pozuntusuna dair qeyd, sanatoriya-kurort müalicəsi ilə əlaqədar olduqda yollayışın başlandığı və bitdiyi vaxt, müvəqqəti olaraq başqa işə keçirilmə barədə qeyd, olduğu halda əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair məlumatlar əlavə edilməklə səlahiyyətli həkimlər tərəfindən elektron sənəd formasında tərtib edilir.

 

Xəstəlik vərəqəsi tərtib edilərək VSİS-yə daxil edildikdən və gücləndirilmiş elektron imza ilə təsdiq edildikdən sonra sığortaolunanın əks-əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir və ya sığortaolunanın tələbi əsasında kağız daşıyıcıda çap olunaraq ona təqdim edilir.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuşa görə müavinətin ödənilməsindən sonra həmin xəstəlik vərəqəsinə düzəliş edilməsi yolverilməzdir. Sığortaolunanın tibb müəssisəsinə müraciət etdiyi gündən əvvəlki tarixə xəstəlik vərəqəsinin tərtib edilməsi qadağandır.

 

Əmək qabiliyyətinin ekspertizası üzrə işin təşkilinə, xəstəlik vərəqələrinin tərtib olunmasına və arayışların qeydiyyatının aparılmasına, onların verilməsinə və kağız daşıyıcıda saxlanılmasına nəzarət baş həkim tərəfindən həyata keçirilir.

 

Qeyd: Bu Qərar 2024-cü il mayın 1-dən qüvvəyə minir.