Borc müqavilələrinin hüquqi tənzimlənməsi və qanunvericilik dəyişiklikləri
Borc müqavilələrinin hüquqi tənzimlənməsi və qanunvericilik dəyişiklikləri

Borc müqavilələrinin hüquqi tənzimlənməsi və qanunvericilik dəyişiklikləri

 

 

24 Fevral 2023-cü il tarixində Mülki Məcəlləyə yazılı əqd, borc və kredit münasibətlərinin tənzimlənməsi sahəsində mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dərc edildiyi tarixdən, yəni  31 Mart 2023-cü il tarixindən 6 ay sonra qüvvəyə minəcəkdir.

 

  1. Yazılı əqdin elektron vasitələrlə bağlanması

 

 Mülki Məcəllənin 331.1-ci maddəsinin əvvəlki mətninə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Lakin, daha sonra bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair 12 avqust 2020-ci il tarixli Plenum Qərarında əqdin elektron rabitə vasitələri ilə də bağlanmasının qanunauyğunluğunu qeyd etmişdir. Adı çəkilən Qərar ilə ətraflı bu linkdən tanış ola bilərsiniz.

 

Lakin, Mülki Məcəlləsinin 331.1-ci maddəsinin dəyişilmiş yeni məzmuna əsasən əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlandıqda da yazılı formaya riayət edilmiş hesab edilir. Yəni, yazılı əqd həm tərəflərin imzalaması, həm də artıq elektron rabitə vasitələrinin köməyi ilə də bağlana bilər.

 

  1. Borc müqaviləsi ilə bağlı dəyişikliklər

 

Belə ki, yeni dəyişikliklərə əsasən borc müqaviləsi ilə bağlı müddəalar daha da təkminləşdirilərək aydın şəkildə qeyd edilmişdir.

 

Qanunvericiliyin əvvəlki tələbinə görə Mülki Məcəllənin  739.2-ci maddəsində qeyd edilirdi ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Lakin edilmiş yeni dəyişikliklərə əsasən kredit müqaviləsi ilə bağlı münasibətlər ayrıca lavə maddələr şəklində tənzimlənir.

 

Daha bir dəyişiklik isə ondan ibarətdir ki, borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.

 

Borc almaq və vermək öhdəliyinin ləğvi ilə də bağlı müvafiq düzəlişlər edilmişdir. Belə ki, borcverən, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Eyni zamanda, borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.

 

  1. Kredit müqaviləsi

 

Yuxarıda da qeyd edilən kimi qanunvericiliyə edilən ən mühüm dəyişikliklərdəb biri də məhz borc münasibətləri ilə kredit münasibətlərinin artıq fərqli tənzimlənməsi və kredit müqaviləsi ilə bağlı Mülki Məcəlləyə yeni müddəaların əlavə edilməsidir.

 

Belə ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

 

Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir.

 

  1. İstehlak Kredit müqaviləsi

 

Kredit müqaviləsi ilə bağlı edilən mühüm dəyişikliklərdən biri də Mülki Məcəlləyə istehlak krediti ilə də  bağlı münasibətlərin tənzimlənərək istehlak krediti anlayışı və onun xüsusiyətləri ilə bağlı maddələr əlavə edilməsidir.

 

İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Lakin, istehlak kredit müqaviləsi ilə bağlı müddəalar bəzi müqavilələr var ki, onlara tətbiq edilmir. Həmin müqavilələrə daşınmaz əmlaka dair hüquqların əldə edilməsi ilə bağlı və ya daşınmaz əmlakın ipotekası ilə təmin edilən kredit müqavilələri, 90 (doxsan) gün müddətinədək bank hesabının kreditləşdirilməsinə dair müqavilələr, məhkəmə və ya mediasiya vasitəsilə bağlanan barışıq sazişinə əsasən bağlanmış kredit müqavilələr və s digərləri aiddir.

 

İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Həmçinin, istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. İstehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

 

Əlavə edilən müddəalar arasında istehlakçının istehlak kredit müqaviləsdən imtina etməsi barədə hüququ da tənzimlənmişdir. Belə ki, istehlakçı istehlak krediti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilər. Bu halda, istehlakçı müqavilə üzrə verilmiş pul vəsaitini və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlidir. Borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan kompensasiya və hər hansı digər ödənişlərin alınması yolverilməzdir.

 

  1. Əlaqəli kredit müqaviləsi

 

İstehlak kredit müqaviləsinin bir hissəsi olaraq Mülki Məcəlləyə əlavə edilən anlayışlardan biri də əlaqəli kredit müqaviləsidir. Müəyyən malların alqı-satqısı və ya xidmətlərin göstərilməsi üzrə müqavilənin maliyyələşdirilməsi üçün bağlanan və həmin müqavilə ilə iqtisadi əlaqəsi olan istehlak krediti müqaviləsi əlaqəli kredit müqaviləsi hesab olunur. İqtisadi əlaqə aşağıdakı hallardan birinin mövcudluğu ilə şərtləndirilir:

  1. kredit müqaviləsinin hazırlanması və bağlanması ilə əlaqədar olaraq borcverən satıcının (xidmət göstərənin) xidmətlərindən istifadə edir;
  2. müəyyən malın alqı-satqısı (xidmətin göstərilməsi) kredit müqaviləsində aşkar göstərilir.

 

Borc və kredit müqavilələri və onların tənzimlənməsi ilə bağlı hər hansı sualınız olsa, bizimlə aşağıdakılar vasitəsilə əlaqə saxlaya bilərsiniz.

[email protected]+994502898973.