Bu gün biznes əməliyyatları dinamik olmaqla yanaşı, həm də özündə riskləri daşıyır. Risklər biznes tərəfdaşından qaynaqlanan və kənar risklər olmaqla şərti olaraq bölünə bilər. Yəni “mənim biznes tərəfdaşım sağlamdır”, “uzun müddətdi tanıyırıq bir-birimizi, güvənirəm ona” və ya “həmişə belə işləmişik, problem olmayıb” tipli yanaşmalar aydındır ki, çox kövrək və risklidir. Hər hansı bir alğı-satqı müqaviləsində müxtəlif partiyalarla malların göndərilməsi zamanı ödənişlər və ya malların göndərilməsi necə təmin edilə bilər? Bəlkə qarşı tərəf öhdəliyini pozdu? Və ya öhdəliyini pozmadan öz təqsiri olmadan malları göndərə bilmədi? Bəlkə qəsdən malları göndərmədi və ya qüsurlu mal göndərdi? Bəlkə onun barəsində malların istehsalı və ya göndərilməsinə hər hansı qadağa qoyuldu?
Kommersiya danışıqları və müqavilə münasibətlərində bir sıra təminat üsulları mövcuddur ki, bunlar belə hallardan qoruma yarada bilər. Bura biznes praktikasında müxtəlif növ sığorta, qarantiya, akkreditiv, zaminlik, əmlakın girov saxlanılması, cərimələri və digər təminat üsullarını aid etmək olar.
Mülki Məcəllənin 460-cı maddəsi öhdəliyin icrasının təmin edilmə üsulları kimi girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya və beh ilə yanaşı “Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar”ı da müəyyən edir.
Konstitusiya Məhkəməsi 14 iyul 2015-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarı ilə müəyyən etmişdir ki, tərəflər – borclu və kreditor iradə sərbəstliyi prinsipinə əsasən, öz aralarındakı istənilən müqavilədə, yəni əsas müqavilədə və ya sonradan bağlanılmış ayrıca müqavilədə birtərəfli əqd formasında öhdəliyin icrasının digər təmini üsulunu müəyyən edə bilərlər.
Təminat üsullarının hər birinin müxtəlif funksiyası və hüquqi xarakteri var. Biz bu yazıda şərti olaraq “Qarantiyalar” adı ilə üçüncü şəxslərdən verilmiş təminatları nəzərdə tuturuq. Hüquqi anlayış olaraq, Mülki Məcəllənin 478-ci maddəsinə uyğun olaraq, Qarantiya belə anlayış verilmişdir:
“Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.”
Yəni qarantiya yalnız qeyd edilən təşkilatlar – kredit və sığorta təşkilatları tərəfindən üçüncü şəxs benefisiara hər hansı bir halın baş verməsi zamanı vəsait ödənilməsi barədə yazılı öhdəlikdir. Məsələn, satıcı alıcı qarşısında malların göndərilməsi ilə bağlı öhdəliyinin təminatı olaraq bankdan qarantiya əldə edir və bank bu qarantiyanı mal satanın tapşırığı ilə benefisiar (faydalanan şəxs) qismində alıcıya təqdim edir. Mal çatdırılmazsa və ya müqavilədəki şərtlərə uyğun olmayan mal təqdim edilərsə, alıcı banka müraciət edərək qarantiyası verilmiş məbləği bankdan əldə edə bilər. Bank da öz növbəsində bu vəsaiti satıcıdan geri əldə etməyə çalışacaqdır - bu hissə isə artıq alıcını maraqlandırmayan məsələyə çevrilir.
Biznes praktikasında aşağıdakı növ qarantiyalara rast gəlinir:
Kommersiya əməliyyatının xarakterindən asılı olaraq bu qarantiya növlərindən biri seçilə bilər. Diqqət verilməli və nəzərə alınmalı bəzi məqamlara aşağıdakıları aid etmək olar:
Xüsusilə iri-həcmli və beynəlxalq müqavilələrdə qarantiyaların istifadə edilməsi məqsədəuyğundur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.