Tütün məmulatları haqqında tənzimləmədə yenilik
Tütün məmulatları haqqında tənzimləmədə yenilik

Tütün məmulatları haqqında tənzimləmədə yenilik

 

“Tütün və tütün məmulatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilmişdir. Belə ki, qeyd edilən dəyişikliklərdə tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin yaradılması nəzərdə tutulmuşdur.

Qeyd edilən Reyestrin aparılması qaydası və Reyestrin əsasnaməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir. Qanun həmin qaydaların təsdiq edilməsi ilə eyni gündə qüvvəyə minəcəkdir. Sözügedən aktların təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti üçün 4 ay müddət müəyyən edilmişdir.

 

Bu səbəbdən, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilmiş “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na “tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış” əlavə  edilmişdir.

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən,  tütün məmulatının istehsalında yerli tütün xammalından istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair tələblər aşağıdakı kimi müəyyən edilmişdir:

  • 2024-cü il üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə minimum 60 qram;
  • 2025−2026-cı illər üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə minimum 72 qram;
  • 2027−2029-cu illər üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə 96 qram;
  • 2030-cu və hər sonrakı il üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə 120 qram.

 

Dəyişikliyə əsasən, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq qurum tərəfindən həmin subyektlərin müraciəti əsasında qeydiyyata alınmalı və qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilməlidir. Həmin subyektlərə müvafiq dövlət rüsumu ödənilməklə Reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış veriləcəkdir.

 

Tütün məmulatının istehsalı subyektlərinin qeydiyyatı şərtləri

 

Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri aşağıdakılardır:

  • avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması (bu şərt yalnız siqaret istehsalına və yeni fəaliyyətə başlayan və ilk dəfə qeydiyyata alınan subyektlərə şamil olunur);
  • Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
  • vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması;
  • tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması;
  • keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması.

Qanuna əsasən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında (yalnız siqaret istehsalına şamil olunur) yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müvafiq qurumun müəyyən etdiyi tələblərə riayət etməlidirlər.

 

Tütün məmulatının idxalı şərtləri

 

Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri aşağıdakı kimi müəyyən olunmuşdur:

  • Azərbaycan Respublikasının ərazisində azı 1 (bir) il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi (bu şərt yalnız siqaret idxalına şamil olunur);
  • Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
  • vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması (sahibkarlıq subyektinin fəaliyyəti təsərrüfat subyekti (obyekti) ilə bağlıdırsa).

 

Bu Qanuna uyğun olaraq qeydiyyata alınmadan tütünün və tütün məmulatının idxalına və istehsalına yol verilməməlidir. Bundan əlavə, qeydiyyat şərtləri (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla) pozulduqda, habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində göstərilən hallarda müvafiq olaraq tütün məmulatının idxalı və ya istehsalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin qeydiyyatı ləğv edilir.

 

 

Bu Qanun qüvvəyə minənədək tütün məmulatının idxalı və istehsalı ilə məşğul olan şəxslər həmin fəaliyyətlə məşğul olmaq üçün bu Qanun qüvvəyə mindiyi tarixdən 6 (altı) ay müddətində qeydiyyat üçün müraciət etməlidirlər.