Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında 17 oktyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin icrasının xüsusiyyətləri müəyyən edilmişdir.
Cinayət Məcəlləsinin 99-5-ci maddəsinə əsasən, hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərə cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, hüquqi şəxsi ləğv etmə aiddir. Lakin hüquqi şəxsə tətbiq edilən cinayət-hüquqi tədbirləri özündə ehtiva edən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, Cinayət Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirləri təsbit edən müddəalarının Cəzaların İcrası Məcəlləsi ilə müvafiq prosedur müəyyən edildiyi gündə qüvvəyə minəcəyi nəzərdə tutulmuşdur.
Cəzaların İcrası Məcəlləsinə edilən əlavələrə əsasən, hüquqi şəxslərə cərimələr və xüsusi müsadirə Cəzaların İcrası Məcəlləsinin cərimə və xüsusi müsadirənin icrasına dair müddəalarına uyğun həyata keçiriləcəkdir.
Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin icrası isə hüquqi şəxsin olduğu yerin icra məmuru tərəfindən həyata keçirilir. Belə ki, bu barədə məhkəmənin müvafiq qərarı çıxdıqdan sonra qərar dərhal hüquqi şəxsin olduğu yerin icra məmuruna göndərilir. Hüquqi şəxs icazə və ya lisenziya əsasında müəyyən fəaliyyət həyata keçirdikdə, icra məmuru tərəfindən müvafiq məhkəmə qərarının surəti 3 gün müddətində lisenziya (icazə) verən orqana göndərilir. Lisenziya (icazə) verən orqan bu qərar əsasında 3 gün müddətində hüquqi şəxsin həmin fəaliyyətlə məşğul olmasına dair lisenziya və ya icazəni ləğv edir.
Hüquqi şəxsin fəaliyyətini müəyyən icazə (lisenziya) əsasında həyata keçirmədiyi halda isə, icra məmuru tərəfindən müvafiq məhkəmə qərarı hüquqi şəxsin növündən asılı olaraq müvafiq orqanlara (qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Ədliyyə Nazirliyi və onun qeydiyyat şöbələri; kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə və publik hüquqi şəxslərə münasibətdə Vergilər Nazirliyi; dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Komitə) göndərilir. Qeyd edilən orqanlar tərəfindən hüquqi şəxslərin dövlət reyestrinə müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə barədə qeyd daxil edilir. Bu dəyişiklik qeydə alındıqdan sonra 2 gün müddətində icra məmuruna buna dair məlumat verilir.
Hüquqi şəxsi ləğvetmə barədə cinayət-hüquqi tədbirinin icrası zamanı məhkəmənin bu barədə qərarı ilə hüquqi şəxsi ləğvetmə vəzifəsi ləğvetmə komissiyasına həvalə olunur. Həmçinin, ləğvetmə barədə qərar icra üçün hüquqi şəxsin növündən asılı olaraq yuxarıda qeyd edilən orqanlara göndərilir və qərarın icrasına icra məmuru tərəfindən nəzarət edilir. Hüquqi şəxsin ləğvi prosesi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir.