Vergi Məcəlləsi 2024: Vergi Məcəlləsinə Son Dəyişikliklər 2024
RİSKLİ VERGİ ÖDƏYİCİLƏRİ VƏ SANKSİYALAR:
- Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtləri Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir.
-
- Bundan başqa, yeni əlavələr riskli vergi ödəyicisi olan subyektlərə tətbiq ediləcək əlavə sanksiyaları da əhatə edir. Əgər hər hansı vergi ödəyicisinin Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdirsə, ona aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verdikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında;
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında.
- Riskli vergi ödəyiciləri barədə bu sanksiyalar yuxarıdakı abzasda göstərilmiş meyarlar qəbul edildiyi vaxtdan qüvvəyə minir.
- Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanacaqdır. Həmçinin, vergiyə cəlb edilən mənfəət müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci il yanvarın 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir.
- Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar əsasında (20% şərti rentabellik qaydası) hesablanmasını nəzərdə tutan 83.9-cu maddə ləğv edilir.
- Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdiriləcəkdir.
VERGİ PROSEDURLARI:
İstisna hallarda vergi ödəyicilərinə verilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmasının mümkün olmayan hallara aşağıdakılar da əlavə edilmişdir:
- Əgər vergi ödəyicisi tərəfindən son bir il ərzində müddəti uzadılmış vergi öhdəliyi vaxtında yerinə yetirilməmişdirsə;
- Və ya əgər vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə müraciətdə göstərilən vergi borcunun ödəməli olduğu 10 faiz miqdarında ödənişi etməmişdirsə, bu hallarda müddətin uzadılmasına yol verilməyəcəkdir.
Yeni prosedurlara əsasən, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarın qəbul edilməsi məqsədilə vergi orqanı 10 faiz miqdarında ödənişin edilməsi vəzifəsi barədə vergi ödəyicisinə yazılı məlumat verir. Qərarın qəbul edilməsi üçün müvafiq ödəniş vergi orqanının verdiyi məlumat alındığı tarixdən 3 iş günü ərzində vergi ödəyicisi tərəfindən həyata keçirilməlidir.
Əlavə olaraq, bundan sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri üzrə ödənişlərin qaydası da fərqli olacaqdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri Vergi Məcəlləsindəki sıra ardıcıllığından asılı olmayaraq, hər bir qərar üzrə ayrılıqda ödəniləcəkdir.
ELEKTRON QAİMƏ-FAKTURALAR:
- Əgər vergi ödəyiciləri hər hansı görüləcək iş (xidmət, mal) üzrə avans ödənişi alırsa, həmin avansın alındığı gün müştəriyə avansın dəyərində elektron qaimə-faktura təqdim edilməlidir (əvvəl avans ödənişi üçün bu tələb edilmirdi).
- Bunun üçün, 2024-cü ildən etibarən elektron sistemdə qaimə yaradarkən yeni bölmə- “Alınmış avans ödənişləri barədə” elektron qaimə-faktura bölməsini seçmək tələb olunur.
ƏMLAKIN SİYAHIYA ALINMASI QAYDALARI:
- Əmlakın siyahıya alınması üzrə vergi ödəyicisinə təqdim edilən sənədlərə əlavə olaraq, Dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı mövcud olan borclu vergi ödəyicisinin həmin əmlakının siyahıya alınmaya təqdim edilməsi məqsədilə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında çıxarılmış qərarla birlikdə vergi ödəyicisinə müvafiq yazılı xəbərdarlıq da göndəriləcəkdir.
- Vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınacaqdır.
- Əmlakın siyahıya alınmasının vaxtı və yeri barədə yazılı qaydada xəbərdar edilmiş vergi ödəyicisi (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştirak etmədiyi halda, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri 1 iş günü müddətində vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) əmlakın siyahıya alınması haqqında protokolun surətini əlavələri ilə birlikdə göndərəcəkdir.
- Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verəcəkdir.
TAKSİ SİFARİŞİ OPERATORLARI ÜZRƏ DƏYİŞİKLİKLƏR:
2024-cü ildən tətbiq ediləcək taksi xidmətləri üzrə vergi məsələlərinin tənzimlənməsinə görə Vergi Məcəlləsinə aşağıdakı bəndlər əlavə edilmişdir:
- Müvafiq vergi ödəyiciləri üçün aşağıdakı məzmunda yeni vəzifə müəyyən edilmişdir:
- taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi aylıq məlumatları hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürmək.
Bunun davamı olaraq, yuxarıda göstərilən 16.1.11-13-cü maddədə göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş məlumatları təqdim edən taksi sifarişi operatorlarına 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.
Qeyd: Taksi sifarişi operatorları ilə bağlı olan yuxarıdakı müddəalar həmin hissədə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qanun qüvvəyə mindiyi tarixdən qüvvəyə minir
AZADOLMALAR:
FİZİKİ ŞƏXSLƏR üzrə
- Fiziki şəxslərin əldə etdikləri hədiyyə, təhsil haqlarını ödəmək üçün maddi yardım və birdəfəlik müavinətin dəyərinin 2500 manatadək olan hissəsi;
- Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri isə - 2023-cü il yanvarın 1-dən 4 il müddətinə;
- Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi;
- Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi – 3 il müddətinə;
- Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə və işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin qaytarılmasına görə əldə olunan gəlirlər;
- Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr üzrə ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər vergidən azad edilmişdir.
- Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.
- Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 (üç) nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.
Əlavə olaraq, fiziki şəxslərin əldə etdikləri gəlirlər üzrə azadolmalar artıq 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri, arvadları (ərləri) və övladlarına şamil edilməyəcəkdir.
HÜQUQİ ŞƏXSLƏR üzrə:
Yeni dəyişikliklərdən sonra Məcəlləyə aşağıdakı əlavələr və düzəlişlər edilmişdir:
- Mediasiya təşkilatı ilə bağlanmış mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərən mediatorlar tərəfindən göstərilən mediasiya xidməti ilə bağlı mediasiya təşkilatına daxil olan haqların və mükafatların həmin mediatorlara ödənilməli olan hissəsi mediasiya təşkilatının vergitutulan gəlirlərinə aid edilmir.
- Vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2024-cü il yanvarın 1dən 5 il müddətinə nağdsız qaydada ödənilən xərclər;
- Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi - 2024-cü il yanvarın 1-dən 3 il müddətinə;
- Tibb müəssisələri tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr üzrə ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər.
- Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 (üç) təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;
Bunlardan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi məbləğlərinə tətbiq edilən azadolma ləğv edilmişdir.
GƏLİRDƏN ÇIXILAN XƏRCLƏR:
- Alışı və ya mədaxili Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən mallara görə vergi ödəyicisinə müfaviq maliyyə sanksiyası tətbiq edilmişdirsə, həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti ilə müəyyən edilən dəyəri gəlirdən çıxılan xərclərə aid edilir;
- 2024-cü ildən etibarən, Nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaqdır.
Buna müvafiq olaraq, yuxarıdakı bənddə nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir;
- Kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu və xam dərinin tədarükü, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır;
- Müflis elan olunmuş banklar vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada xüsusi ehtiyatları yaratmaqla gəlirdən çıxmaq hüququna malikdirlər;
- Təmirlə bağlı xərclərin gəlirdən çıxılması üzrə yük avtomobillərinin ilin sonuna qalıq dəyərinin 8 faizi gəlirdən çıxıla bilər;
Həmçinin, İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur. Yeni dəyişikliklər qüvvəyə minənədək icarəçi tərəfindən çəkilmiş və yuxarıdakı maddəyə əsasən kapitallaşdırılaraq amortizasiya edilən təmir xərclərinin qalıq məbləği bu maddəyə uyğun olaraq amortizasiya olunur.
- Digər bir dəyişiklik vergi ödəyicisinin mənfəət (gəlir) vergisi üzrə güzəşt hüququ olduğu dövrdə amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilməməsini nəzərdə tutur.
LİZİNQ ƏMƏLİYYATLARI ÜZRƏ:
Əmlak icarəsinin maliyyə lizinqi hesab olunması üçün “icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmalı və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilməməlidir” şərti ləğv edilmişdir və qalan haldan birinə uyğun olduğu halda icarə maliyyə lizinqi hesab olunur. Bu hallar aşağıdakılardır (bu hallar dəyişməmişdir):
- lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;
- icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;
- icarə müddəti qurtardıqdan sonra əmlakın Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilmiş qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;
- icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır.
Habelə, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda əməliyyat yuxarıda nəzərdə tutulan şərtlərə cavab vermədiyi təqdirdə belə əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir. Bu zaman vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.
ƏLAVƏ DƏYƏR VERGİSİ:
- Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər.
- Aşağıdakı əməliyyatlar ƏDV üzrə vergi ödəməkdən azad edilir:
- Maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər;
- ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi;
- Qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mal idxalı, iş görülməsi, xidmət göstərilməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən xəzinə avadanlıqlarına texniki servis xidməti, pul nişanlarının istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi, ekspertizası, beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə əlaqədar xidmətlərin, informasiya sistemləri üzrə dəstəkləmə xidmətlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar məsləhət xidmətlərinin göstərilməsi;
- Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi - 2024-cü il yanvarın 1-dən 3 il müddətinə;
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı - 2024-cü il yanvarın 1-dən 3 il müddətinə.
- Tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
- ƏDV-nin əvəzləşdirilməsi üzrə idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə ƏDV məbləği əvəzləşdirilmir. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.
- Alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir.
AKSİZ VERGİSİ:
- Aşağıdakı aksizli mallar məcburi nişanlanmalıdır:
- tütün məmulatları və onların əvəzediciləri;
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
- elektron siqaretlər üçün maye;
Bu mallar Azərbaycan Respublikasının ərazisində istehsal və ya ölkəyə idxal edildikdə aksizlər həmin mallar üçün məcburi nişanın alındığı vaxt ödənilir. Əgər yuxarıda göstərilən malların sonradan təkrar ixrac məqsədi ilə idxalı nəzərdə tutulmuşdursa, malların idxalı vaxtı həmin mallar üçün məcburi nişanın alındığı vaxt hesab olunur.
Həmçinin, bu malların istehsalçısı olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə onların sahibliyində aktivləşdirilməmiş məcburi nişan qalarsa, vergi ödəyicisi həmin nişanları alarkən ödənilmiş aksiz məbləğlərini geri almaq hüququna malikdir.
Aksiz dərəcələrində artım olduqda, məcburi nişan alarkən vergini aşağı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə artırılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayın aksiz bəyannaməsində əks etdirməklə növbəti ayın 20-dən gec olmayaraq, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxal edildiyi vaxt gömrük bəyannaməsində əks etdirməklə dövlət büdcəsinə ödəməlidir.
Aksiz dərəcələrində azalma olduqda, məcburi nişan alarkən vergini yuxarı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə azaldılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayın aksiz bəyannaməsində əks etdirməklə, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxalı üzrə tərtib edilmiş gömrük bəyannaməsində əks etdirməklə aksiz öhdəliyini azaldır.
- Aksizli malların siyahısı yenilənmişdir, yeni siyahıya əsasən aşağıdakı mallar aksizli mallar hesab edilir:
- tütün məmulatları və onların əvəzediciləri;
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
- elektron siqaretlər üçün maye;
- içməli spirt, pivə (alkoqolsuz pivə istisna olmaqla) və spirtli içkilərin bütün növləri;
- energetik içkilər;
- neft məhsulları;
- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
- avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
- dövlət qeydiyyatına alınmalı olan motosikletlər;
- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;
- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
- idxal olunan xəz-dəri məmulatları.
- Yenilənmiş maddələr aksiz vergisi dərəcələrini də əhatə edir. Belə ki, 2024-cü ildən
- içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları və konyak və konyak materiallarının hər litrinə 4.8 manat;
- şampan şərabının hər litrinə 0.2 manat; siqarilla, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 45.50 manat;
- alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə 1000 ədədinə 16 manat;
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər bir ədədinə 2 manat aksiz vergisi müəyyən edilmişdir.
- Motosikletlər üçün aksiz vergisi mühərrikin həcmi 125 kubsantimetrədək olduqda- mühərrikin həcminin hər kubsantimetrə görə - 0,20 manat; mühərrikin həcmi 500 kubsantimetrədək olduqda- 25 manat + mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,40 manat; mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda- 175 manat + mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 0,50 manat müəyyənləşdirilmişdir.
ƏMLAK VERGİSİ:
Azadolmalar
- Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
- Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır.
TORPAQ VERGİSİ:
Torpaq vergisi bəyannaməsinin verilməsi müddəti dəyişdirilmişdir. Artıq bəyannamə hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq təqdim edilməlidir. Hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
Müəssisələr tərəfindən torpaq vergisi üzrə cari vergi ödənişləri 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edir.
Əvvəlki hesabat ilində torpaq vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və torpaq vergisi ödəyicisi olan müəssisələr torpaq sahələrini əldə etdikdən (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqdan) sonra bu maddədə müəyyən olunmuş müddətlərdən gec olmayaraq hər ödəniş üzrə həmin torpaq sahələrinə görə hesablanmalı olan illik torpaq vergisi məbləğinin 50 faizi miqdarında cari vergi ödənişlərini yerinə yetirirlər.
Torpaq vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Torpaq vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır.
SADƏLƏŞDİRİLMİŞ VERGİ:
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olan lakin ƏDV ödəyici olan vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.
Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə və vergi ödəyicisi bu rejimdə azı 1 il ərzində fəaliyyət göstərmişdirsə, o, istənilən vaxt fəaliyyətini sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.
- Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi üzrə məbləğlərin sadələşdirilmiş vergidən azad edilməsi ləğv olunmuşdur.
- Yük daşımalarının məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olması hüququ da ləğv edilmişdir.
- Sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.
- Yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı”nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi tələb edilmir və qeyd edilən öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada yerinə yetirilir.
Vergi yoxlamarı barədə hüquqi tövsiyələri əhatə edən məqaləmizi buradan oxuyun: Vergi Yoxlamaları.
Qeyd: Bu Məqalə hüquqi məsləhət və ya rəy kimi istifadə edilməməlidir. Vergi xidmətləri, məsləhətləri, vergi bəyannamələrinin təqdim edliməsi, habelə vergi və beynəlxalq vergitutma mübahisələrinin həlli üçün Caspian Legal Center şirkəti sizə dəstək verə bilər: [email protected], 050 289 89 73