Daşınar əmlakın yüklülüyü dövlət reyestri fəaliyyətə başlamışdır
Daşınar əmlakın yüklülüyü dövlət reyestri fəaliyyətə başlamışdır

 

Mülkiyyət sahibləri öz əmlaklarını təminat vasitəsi olaraq istifadə edərkən ipoteka və girovkimi yüklülük üsullarına müraciət edirlər. İpoteka daşınmaz əmlak və ona bərabər tutulan daşınar əmlak üzərində qoyulur və sözügedən əmlak üzərində ipoteka rəsmi reyestrdə qeydiyyata alınır. Praktikada müqavilələr bağlanarkən və qanunvericilikdən irəli gələn digər hallarda, daşınar əmlak üzərinə də girov kimi yüklülük qoyulur. Lakin daşınar əmlak üzərində yüklülüyün rəsmi qeydiyyat sistemi olmadığından, yüklülük sahibləri girov qoyulan daşınar əmlak üzərində başqa yüklülük olub-olmamasını öyrənə bilmirdi. Həmçinin, girov tarixi vahid sistemdə qeydə alınmadığından, əşya üzərində birdən artıq yüklülük olduqda, yüklülük zamanı növbəlilik müəyyən oluna bilmirdi.

2 may 2017-ci ildə "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur ki, həmin Qanunda daşınar əşyalar üzərindəki yüklülüyün elektron informasiya sistemində reyestrə salınması və ona xüsusi qeydiyyat nömrəsi verilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları" ilə Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (bundan sonra- Reyestr) fəaliyyəti, reyestrin aparılması qaydası tənzimlənmişdir. Həmin Qaydalara əsasən, daşınar əmlak üzərində yüklülüyə dair aparılmış hərəkətlər- yüklülüyün yaranması, yüklülüyə dəyişiklik edilməsi, habelə ona xitam verilməsi və hər hansı daşınar əmlak üzərində yüklülüyə etiraz edilməsi ilə bağlı bildirişlər Reyestrin informasiya sisteminə daxil edilir.

Reyestrdən istifadə üçün https://mpcr.fimsa.az/az saytına asan imza vasitəsilə daxil olmaq və ya istifadəçi kimi (yerli və ya əcnəbi fiziki və ya hüquqi şəxs, daxili istifadəçi) qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra reyestrə bildiriş daxil edə, həmçinin reyestrdə axtarış edə bilərsiniz.

Reyestrə bildiriş daxil edilərkən yüklülük sahibi, yüklülük verən, yüklülüyün əsası, predmeti, həcmi, üzərində yüklülük yaranan daşınar əmlakın növü barədə məlumatlar hissəsi göstərilməlidir. Qeyd edək ki, məlumatların əksər hissəsi reyestrdə axtarış aparan bütün şəxslər üçün açıqdır. Məlumatlar daxil edildikdən sonra bildiriş qeydiyyata alınır və hər bir yüklülüyə qeydiyyat nömrəsi verilir. Reyestrə daxil edilmiş məlumatların düzgünlüyünə diqqət yetirilməlidir, belə ki, məlumatları daxil etmiş şəxs onların düzgünlüyü üçün məsuliyyət daşıyır.

Bildiriş reyestrdə göründüyü andan qüvvəyə minmiş hesab edilir və bildirişdə göstərilən tarixədək qüvvədə qalır. Reyestrdən istifadə ödənişlidir, istifadə haqqı rüsumu isə yüklülük bildirişinin daxil edilməsi üçün 10 manat, bildirişdə dəyişiklik edilməsi üçün və axtarış nəticələri barədə kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün 6 manat məbləğindədir.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestri 15 martdan etibarən fəaliyyətə başlamış olsa da, Reyestrin fəaliyyətə başlamasından öncə yaranmış yüklülük barədə də bildiriş daxil edilə bilər. Belə ki, yüklülük verəni xəbərdar etməklə bu haqda bildiriş sistemə daxil edilə bilər, lakin bu haqda bildiriş yalnız Reyestrin fəaliyyətə başlamasından etibarən 9 ay ərzində daxil edilərsə, yüklülüyün yarandığı tarix əsas götürələcəkdir.