3 aprel 2019-cu ildə “məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (bundan sonra: Fərman) imzalanmışdır. Fərman əsasilə, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə icraatının effektivliyinin artırılması, məhkəmə qərarlarının vaxtında tam və vaxtında icrasının təmin edilməsi kimi məqsədlərə yönəlmişdir. Fərmanda qeyd edilən məqsədlərlə bağlı bir sıra istiqamətlərdə islahatlar keçirilməsi nəzərdə tutulur.
İlk növbədə, Fərmanın nəzərdə tutduğu ən əhəmiyyətli tədbir kimi sahibkarlıq fəaliyyəti ilə əlaqədar məhkəmə işlərinə baxılması üçün ixtisaslaşmış məhkəmələrin yaradılması qeyd edilməlidir. Belə ki, vergi, gömrük ödənişləri və s. kimi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə ixtisaslaşmış məhkəmələrdə baxılması sahibkarların məhkəmələrə müraciət imkanlarını asanlaşdıracaq, eyni zamanda,
spesifik işlərə daha geniş təcrübəyə malik hakimlər tərəfindən baxılmasını təmin edəcəkdir.
Bununla yanaşı, Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təkmilləşdirilməsi kimi məsələlər nəzərdə tutulmuşdur.