Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu: Lisenziyalaşdırılan ödəniş alətləri
Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu: Lisenziyalaşdırılan ödəniş alətləri

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu: Lisenziyalaşdırılan ödəniş alətləri

“Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycanda ödəniş xidmətləri, ödəniş sistemləri, elektron pul və ümumilikdə ödəniş şlüzlərini tənzimləyən ilk qanun 10 noyabr 2023-cü il tarixindən etibarən qüvvəyə minir.

Tənzimlənən ödəniş xidmətləri

Qanun ilk növbədə ödəniş xidmətləri sahəsini tənzimləyir. Aşağıdakılar ödəniş xidməti hesab edilir:

-      ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

-      kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;

-     ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;

-      pul köçürməsi;

-     elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;

-     ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;

-     hesab üzrə məlumat xidmət

Ödəniş xidməti göstərən qurumlar ödəniş xidməti təchizatçıları hesab olunur. Ödəniş xidmətininm təchizatçıları aşağıdakılardır:

- Mərkəzi Bank;

- banklar və xarici bankların yerli filialları;

- “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən bank olmayan kredit təşkilatları;

- poçt rabitəsinin milli operatoru;

- ödəniş təşkilatları;

- elektron pul təşkilatları.

 

Ödəniş xidmətləri elektron pul təşkilatları

Həmçinin ödəniş təşkilatı, elektron pul təşkilatı və operator barədə bir sıra tələblər müəyyən olunur.  

İlk növbədə bu fəaliyyət lisenziyalaşdırılmış fəaliyyətlər siyahısına daxil olduğundan müvafiq lisenziya əldə edilməlidir (Mərkəzi Bank istisna olmaqla).

Lisenziya əldə etmək üçün Mərkəzi Banka ünvanlanmış ərizəyə aşağıdakı sənədlər qoşulmalıdır:

- hüquqi şəxsin səlahiyyətli orqanının qərarı;

- nizamnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;

- nizamnamə kapitalının miqdarı, hər bir iştirakçının payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;

- ödənilmiş nizamnamə kapitalının məbləğinin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;

- mühüm iştirak payının sahiblərinin bu Qanunun 61.4-cü maddəsinə uyğunluğunu təsdiq edən sənədlər;

- müraciət edənin idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin vətəndaş qüsursuzluğuna dair məlumat, o cümlədən icra orqanının rəhbərinin Qanunun 60.1-ci və 60.3-cü maddələri ilə müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

- müraciət edənin təşkilati strukturu, idarəetmə orqanları, Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçıları arasındakı münasibətlər və benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat;

- göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və ilk 3 (üç) il üçün biznes-plan;

- müraciət edənin daxili nəzarət və risklərin idarə edilməsi sistemi, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi zamanı fırıldaqçılıq hallarından və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiəsi üçün təhlükəsizlik tədbirlərinə dair məlumat;

- fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı;

- həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlar.

 

Qeyd edək ki, ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələblər, məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Bu qaydalar qəbul ediləcəkdir.

 

Ödəniş təşkilatı və elektron pul təşkilatları tərəfindən həyata keçirilən digər əməliyyatlar

 

Ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş xidmətlərinin göstərilməsi ilə yanaşı aşağıdakı fəaliyyətləri də həyata keçirə bilər:

- ödəniş sərəncamının icrası üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada valyuta mübadiləsi fəaliyyəti (müstəsna olaraq Qanunun 3.1.6-cı və (və ya) 3.1.7-ci maddələrində göstərilən ödəniş xidmətlərini göstərən ödəniş təşkilatları istisna olmaqla);

- Qanunun 3.1.2-ci maddəsi ilə müəyyən edilmiş ödəniş əməliyyatlarının aparılması üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada və tələblər daxilində ödəniş xidməti istifadəçilərinə onlarla razılaşdırılmış şərtlərlə kreditlərin verilməsi;

- göstərdiyi ödəniş xidməti ilə birbaşa bağlı olan pulların saxlanılması, daşınması, məlumatların saxlanılması, emalı və ötürülməsi;

- Qanunla müəyyən edilmiş qaydada alınmış lisenziya əsasında operator fəaliyyəti, habelə Qanunun 43.6-cı maddəsinə uyğun olaraq operatorun həyata keçirə bildiyi digər fəaliyyətlər;

- ödəniş xidmətləri ilə bağlı təlimlərin təşkili və məsləhət xidmətləri, habelə proqram təminatlarının hazırlanması.

Hüquqi şəxslərə və fərdi sahibkarlara ödəniş hesabını açmaq hüququ banklar, bank olmayan kredit təşkilatları (əldə edilmiş kreditlə bağlı), poçt rabitəsinin milli operatoru ilə yanaşı ilk dəfə elektron pul təşkilatına da verilir.

 

Azərbaycanda elektron pulun emissiyası

Qanun ilk dəfə elektron pula anlayış verməklə yanaşı onun emissiyası qaydası və şərtlərini də müəyyən edir.

Elektron pula belə anlayış verilir: qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti.

Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

Hüquqi şəxs, xarici hüquqi şəxsin yerli filialı və fərdi sahibkar tərəfindən elektron pul yalnız həmin şəxslərə məxsus ödəniş hesablarından emitentə köçürmə yolu ilə əldə edilə bilər.

Emitent elektron pulun emissiyası, istifadəsi və satışı, habelə həyata keçirilən əməliyyatlar, məlumat mübadiləsinin aparılması, müraciətlərin qəbul olunması və onlara baxılması üzrə daxili qaydalara malik olmalıdır.

Qanun həmçinin qeyd edilən mövzularla bağlı, xüsusilə ödəniş xidmətləri və elektron pul ilə bağlı iri həcmli tələblər, şərtlər və qaydalar müəyyən edir.

 

Ödəniş sistemləri, ödəniş xidmətləri təchizatçıları, elektron pul fəaliyyəti ilə bağlı suallarınız varsa, bizə müraciət edə bilərsiniz.

Əlavə: office@caspianlegalcenter.az ; +994 50 289 89 73