2018-ci il 14 fevral tarixdə "Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (bundan sonra: Qərar) qüvvəyə minmişdir. Qərar "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilmişdir. Belə ki, həmin Fərmana əsasən, bununla bağlı səlahiyyətli orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyidir.
"Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"yə görə, sənaye parkı dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi başa düşülür.
Birgə sənaye parkı isə dövlət, bələdiyyə və xüsusi mülkiyyətçinin iştirakı ilə yaradılır. Birgə sənaye parkı hər üç növ mülkiyyətçinin, və ya dövlət və xüsusi mülkiyyətçi, bələdiyyə və xüsusi mülkiyyətçinin iştirak ilə yaradıla bilər. Qərara əsasən, birgə sənaye parkı yaradıldıqda, torpaq dövlət mülkiyyətində olarsa bu haqda qərar Azərbaycan Respublikası Prezidenti, bələdiyyə mülkiyyətində olduqda bələdiyyə, xüsusi mülkiyyətdə olduqda isə xüsusi mülkiyyətçi tərəfindən qəbul edilir.
Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarəetmə məsələləri ilə bağlı isə iştirakçıların bərabərhüquqlu əsaslarla təmsil olunduğu kollegial orqan- birgə komissiya yaradılır. Həmçinin, idarəedici orqan tərəfindən daha effektiv idarəçiliyin təmin olunması məqsədilə operator da cəlb edilə bilər, lakin nə idarəedici orqan, nə də operator birgə sənaye parkında rezident kimi fəaliyyət göstərə bilməz. Birgə sənaye parkının fəaliyyətindən əldə edilən gəlirin iştirakçılar arasında bölüşdürülməsi isə təşkilatın təsis müqaviləsindəki iştirak paylarına əsasən müəyyən edilir.
Birgə sənaye parkları özündə vergidən azadolma kimi vergi sahəsində stimullaşdırıcı tədbirlər nəzərdə tutduğundan, sahibkarlar üçün biznes baxımından əlverişli fürsətlər yaradır. Həmçinin, birgə sənaye parkları dövlətlə özəl şirkətlər və fərdi sahibkarlar arasında əməkdaşlığa əsaslanan və onlar tərəfindən birgə təşkil və idarə edilən "Public-Private Partnership" (Dövlət və Özəl Sektorun Əməkdaşlığı) üçün uğurlu bir nümunə hesab edilə bilər. Əgər bu mövzu ilə bağlı hüquqi yardım almaq arzusundasınızsa, Caspian Legal Centerə müraciət edə bilərsiniz.