Azərbaycan Respublikası Mərkəzi Bankı qısa müddət ərzində Əmrahbank, Atabank, NBC Bank və AG Bankın lisenziyalarını ləğv etmiş və məhkəmə qərarı ilə banklara ləğvedici təyin edilmişdir. Bu məqalədə Azərbaycanda bankların iflası və ləğvi ilə bağlı bizə təqdim edilən suallar əsasında əsas məqamları diqqətə çatdırırıq.
Banklar haqqında Qanuna əsasən, müflisləşməkdə olan banklara Mərkəzi Bank tərəfindən maliyyə çatışmazlıqları və ödəmə qabiliyyətsizliyinin həlli üçün müvəqqəti inzibatçı təyin edilə bilər. Müvəqqəti inzibatçının təyin edilməsilə bankın idarə edilmə səlahiyyətləri, o cümlədən səhmdarların ümumi yığıncağının səlahiyyətləri dayandırılaraq müvəqqəti inzibatçıya keçirilir.
Aparılmış yoxlama-təhlil tədbirləri və sağlamlaşdırma imkanları uğursuz nəticələndikdə, müvəqqəti inzibatçı bankın ləğvi barədə qərar qəbul edə bilər.
Bankın ləğvinin başlanılması üçün, maliyyə bazarlarına nəzarət orqanı – Mərkəzi Bank tərəfindən bankın lisenziyası ləğv edildikdən sonra bankın müflis elan edilməsi və ləğvetməyə başlanılması üçün məhkəməyə müraciət edilir. Bu ərizə 7 gün ərzində məhkəmə tərəfindən təsdiq və ya ləğv edilməlidir. Ərizənin məhkəmə tərəfindən təsdiqi ilə bank müflis elan edilir və ləğvetmə proseslərinin başlanılması üçün banka ləğvedici təyin edilir. Məhkəmənin bu qərarı dərhal icra edilir.
Qanunvericiliyə əsasən, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu bankların ləğvedicisi olaraq təyin edilir. Fond öz növbəsində digər şəxsləri ləğvedici qismində təyin edə bilər.
İlk növbədə qeyd edilməlidir ki, bankların hüquqi şəxslərə (o cümlədən, yerli və əcnəbi şirkətlərə) olan borcları, vəsaitlər və əmanətlər qanunla sığortalanmış hesab edilmir. Qanunvericiliyə əsasən, fərdi (fiziki) şəxslərin banklarda olan vəsaitləri qorunan əmanət hesab edilə və Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilə bilər.
Müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı ümumi növbəlik qaydasında bölüşdürülür:
1. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;
2. .iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;
3. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;
4. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;
5.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;
6. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları;
7.təminatsız kreditorların tələbləri.
Qanuna əsasən, yuxarıdakı qaydaya “Ödəniş sistemlərində hesablaşmaların qətiliyi” müddəasaına uyğun olaraq istisna müəyyən edilir.
Ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Bu səbəbdən, ilk növbədə bu tələbin bu kateqoriyaya aid olub-olmaması müəyyən edilməlidir.
Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi göstərilmiş növbəliliklə ödənilir.
Tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüºdürülür. .Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz.
Bu səbəbdən, qrafiklə bağlı bütün tələblərin, sübut və arqumentlərin, habelə etirazların ləğvediciyə təqdim edilməsi, habelə məhkəmədə qərar qəbul edilməsinədək təqdim edilməsi zəruridir.
Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır.
Digər zəruri məqam şikayət müddəti ilə bağlıdır. Belə ki, bank qanunvericiliyi kreditor tələblərinin rədd edilməsinə dair məhkəmə qərarlarından şikayət verilməsi üçün 2 həftə müddət müəyyən edir. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır.
Ləğvetmə prosesi məhkəmə tərəfindən təsdiq edilən Ləğv Planına uyğun həyata keçirilməlidir. Ləğv Planına bankın aktivləri və öhdəlikləri, təsdiq və ya rədd edilmiş tələblər, proqnozlaşdırılan gəlirvə xərclər, əsas vəsaitlərin vəziyyəti və onların satış planı, bankın inzibatçılarının qanunsuz əməlləri nəticəsində banka dəymiş zərərlər, bankın carid öhdəlikləri və növbəti rübdə kreditorlara ödənilməsi planlaşdırılan ödənişlərə dair məlumatlar əks etdirilir. Ləğv Planı hər rüb yenidən təsdiqlənir və qəbul edilmiş kreditorlara təqdim edilir.
Ləğv prosesində kreditorlar səlahiyyətləndirilmiş nümayəndələri vasitəsilə təmsil oluna bilərlər. Ləğvedicinin Mərkəzi Bankın təsdiqi ilə təşəbbüsü əsasında kreditor qruplarının maraqlarının qorunması məqsədilə kreditorların ümumi yığıncağı və (və ya) kreditor komitəsinin təsis edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər.
Bu məqamları nəzərə alaraq, təsis edilmiş kreditor komitəsində və ümumi yığıncağında kreditorların qanuni maraqlarının qorunmasını ödənişlərin və ya əvəzləşdirmələrin əldə edilməsi baxımından məqsədəuyğun hesab edirik.
Bu məqalə hüquqi məsləhət və ya tövsiyə hesab edilməməlidir. CLC bu məqalədəki məlumatlara əsasən atılan addımların və ya hərəkətsizliklərin nəticəsi üzrə hər hansı məsuliyyət daşımır.
Mərkəzi Bankın qsa müddət öncə qəbul etdiyi qətara uyğun olaraq Amrahbank, Atabank, NBC bank və AG Bankın lisenziyası ləğv edilmiş və məhkəmə tərəfindən bankların ləğvi üçün ləğvedici təyin edilmişdir.
Qeyd edilən bankların müflisləşməsi və ləğvi ilə bağlı hüquqi məsləhətin verilməsi, habelə kreditorların maraqlarının ləğv prosesində qorunması və bankdan borcların və kompensasiyaların alınması üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Bank sahəsində təcrübəli hüquqşünaslarımız dərhal dəstək göstərməyə hazırdırlar.