Azərbaycanda investisiya təşviqi mexanizminin təkminləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülür. Bu tədbirlərin bir hissəsi olaraq 20 Dekabr 2022-ci il tarixində investisiya təşviqi mexanizminin təkminləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Fərmanı qəbul edilmişdir. Belə ki, bu Fərmana əsasən investisiya ilə bağlı yeni qaydalar müəyyən edilmiş, mövcud qanunvericilik aktlarına dəyişikliklər edilmiş və investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği əks etdirən yeni siyahı təsdiq edilmişdir.
1) İlk olaraq bu Fərmanla müəyyən edilmişdir ki, investisiya təşviqi sənədi aşağıdakı layihələri təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara 2023-cü il yanvarın 1-dən 3 il ərzində verilir:
- sənaye məhəllələrində və aqroparklarda həyata keçiriləcək layihələr;
- turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələr;
- Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələr;
- Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələri;
Lakin, paylarının (səhmlərinin) 30 (otuz) faizi və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə yuxarıda qeyd olunan layihələr üzrə investisiya təşviqi sənədi verilmir.
Onu da qeyd etmək lazımdır ki, investisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu sənədi əldə edən sahibkarlar müvafiq olaraq mənfəət və gəlir vergisini 7 il müddətinə 50% güzəştlə ödəyirlər, müvafiq əmlaka görə əmlak vergisindən, torpağa görə isə torpaq vergisindən 7 il müddətinə azad olunurlar və müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən və gömrük rüsumlarından 7 il müddətinə azad olunurlar.
2) Daha sonra bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilmişdir.
Belə ki, ilk növbədə həmin Qaydalara 3-1-ci hissə əlavə edilərək investisiya təşviqi sənədini almaq üçün əlavə meyarlar müəyyən edilmişdir. Həmin meyarlara görə birincisi, minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 (beş) milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 (üç) milyon manat olmalıdır və ikincisi isə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlərə uyğun olmalıdır.
Əlavə olaraq, adı çəkilən Qaydaların 5-1-ci hissəsi yeni redaksiyada verilərək əvvəlki redaksiyada adı çəkilən “turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi üzrə iqtisadi fəaliyyət sahəsi” anlayışı daha da dəqiqləşdirilərək “İstirahət və əyləncələrin təşkili üzrə fəaliyyət”, “Mehmanxanalarda və digər yerləşmə vasitələrində xidmət göstərilməsi”, “Kiçik yaylaq evlərində və qısa müddət qalmaq üçün digər yerlərdə xidmət göstərilməsi”, habelə “Kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi” iqtisadi fəaliyyət sahələri olaraq müəyyən edilmişdir. Eyni zamanda, əvvəlki redaksiyada bu sahələr üzrə İqtisadiyyat Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.2-ci və 19.7-ci maddələrinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında “investisiya layihəsinin turizmin inkişafı üzrə strateji planlara, turizm və rekreasiya zonalarının Baş inkişaf planlarına, turizm xidmətlərinin təsnifatına, regional səviyyədə turizm xidmətlərinin (məhsulun müxtəlifliyi) proporsional bölgüsünə uyğunluğu” barədə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəyinin alınması qeyd edilmişdi. Lakin, yeni redaksiyada bir pəncərə prinsipi əsasında tənzinlənmə nəzərdə tutulmamışdır.
Son olaraq, isə Qaydaların 7-ci hissəsinə əlavə edilərək qeyd edilmişdir ki, investisiya təşviqi sənədinin alınması üçün müraciətə baxılarkən tələb olunan meyarlara uyğun olması və sənədlərin düzgün təqdim olunması ilə yanaşı sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəlikləri mövcud olmamalıdır.
3) Daha bir dəyişiklik isə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın 2.6-cı bəndinə dəyişiklik edilmişdir. Belə ki, əvvəllər təsdiqedici sənədin verilməsi barədə ərizəyə baxılarkən idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıq və qurğuların bilavasitə istehsalın, işin və xidmətin təşkili ilə bağlı olması, investisiya təşviqi sənədini almaq üçün təqdim edilən investisiya layihəsinə (biznes-plana) baxılırdısa, dəyişikliyə əsasən, onların, həmçinin, təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısına uyğunluğu araşdırılır.
4) Son olaraq, “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərman ləğv edilərək Azərbaycan Respublikasının Prezidentinin 20 dekabr 2022-ci ildə adı çəkilən Fərmanı ilə investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin müəyyən edildiyi siyahı təsdiq edilmişdir.
Əvvəlk siyahıya əsasən, invstisiya fəaliyyətinin həyata keçirildiyi inzibati ərazi vahidləri 5 region olaraq müəyyən olunurdu. Bu regionların hər biri isə Azərbaycan Respublikasında yerləşən şəhər və rayonları əhatə edirdi. Yeni siyahıda isə investisiya fəaliyyətinin həyata keçiriləcəyi yerlər ərazi və zona olaraq 4 hissəyə bölünmüşdür. Həmin hissələrə sənaye məhəllələri, aqroparklar, turizm və rekresiya sahələri və müvafiq ərazilər (Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlar) daxildir.
Əlavə olaraq, yeni siyahıda investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri və investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğdə müvafiq dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərlə bu link vasitəsilə ətraflı tanış ola bilərsiniz.
Azərbaycanda investisiya təşviqi sənədi alaraq qanunvericilikdəki güzəştlərdən faydalanmaq üçün bizimlə əlaqə saxlayın: [email protected], +994 50 289 89 73 (Mobile/Whatsap)