Azərbaycan Respublikası Haaqa Xidmət Konvensiyasına qoşulmuşdur
Azərbaycan Republikası Milli Məclisi tərəfindən ölkəmizin yeni qoşulduğu iki konvensiya- “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təsdiq edilməsi haqqında” 15 noyabr 1965-ci il tarixli və “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” 23 noyabr 2007-ci il tarixli Konvensiyalar təsdiq olunmuşdur.
“Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təsdiq edilməsi haqqında” Konvensiya və ya daha çox istifadə olunan adı ilə “Haaqa Xidmət Konvensiyası” mülki və kommersiya işləri üzrə məhkəmə və ya qeyri-məhkəmə sənədlərinin xarici ölkəyə ötürülməsi və leqalizasiya və ya digər heç bir təsdiq olmadan tanınmasının təmin olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin qeyd olunmalıdır ki, Konvensiyanın cinayət işlərinə münasibətdə tətbiq olunması nəzərdə tutulmur. Konvensiya həmçinin müvafiq məhkəmə və ya qeyri-məhkəmə qərarının tanınması üçün müraciət edən şəxsin ünvanının müəyyən olmadığı hallarda da tətbiq olunmur.
Konvensiyaya əsasən üzv dövlətlər xaricdən gələn bu kimi sənədlərin təqdim olunması üçün Mərkəzi Qurum yaratmalı və xaricdən göndərilən sənədlər bu qurum tərəfindən müvafiq formada təqdim olunduqda etibarlı hesab olunmalıdır. Tanınma üçün müraciətlər üzv dövlətlər tərəfindən yaradılmış bir qurumun səlahiyyətli təmsilçisi vasitəsilə qərarın tanınması istənilən üzv ölkənin mərkəzi qurumuna edilir. Belə müraciəti alan qurum müvafiq qərarın tanınması üçün yerli məhkəmələrə müraciət edir.
Konvensiyaya hal-hazırda 79-dan çox ölkə üzvdür. Azərbaycan Respublikası isə 16 noyabr 2022-ci il tarixindən etibarən qeyd olunan Konvensiyalara qoşulmuşdur.