19 iyul 2018-ci il tarixində "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa (bundan sonra: Qanun) dəyişiklik edilmişdir. Dəyişikliklərə əsasən, lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər üçün nəzarət orqanı müəyyən edilmişdir. Bu qruplar üçün nəzarət orqanı Maliyyə Monitorinqi Xidmətidir.
Qanuna əsasən, lombardlar monitorinq iştirakçısı, daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər isə monitorinqdə iştirak edən digər şəxslər qrupuna daxildir. Qeyd edək ki, Qanun daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərdən daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olduqda nəzarət tədbirləri çərçivəsində bir sıra əməliyyatları yerinə yetirməyi tələb edir. Həmçinin, lombardlar da eyniləşdirmə və verifikasiya tədbirləri çərçivəsində işgüzar münasibətdə olduqları müştərilər və benefisiar mülkiyyətçilər barədə məlumatlar təqdim etməlidirlər. Əgər müştəri və ya benefisiar mülkiyyətçi fiziki şəxs olarsa eyniləşdirmə şəxsiyyət vəsiqəsi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olarsa şəxsiyyət vəsiqəsi və VÖEN, hüquqi şəxs olduqda isə nizamnamə, VÖEN və çıxarışın notariat qaydasında təsdim edilmiş sürəti ilə aparılır. Verifikasiya isə təqdim edilmiş məlumatların yoxlanılması ilə aparılır. Həmçinin, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər qanunvericiliklə müəyyən edilmiş müddətdə müştərilərlə və benefisiar mülkiyyətçilərlə bağlı eyniləşdirmə məlumatlarının və aparılmış əməliyyatlara dair məlumatların qorunmasını təmin etməli, müştərilərlə həyata keçirilmiş əməliyyatların növü, tarixi, məbləği və s. məlumatları Maliyyə Monitorinqi Xidmətinə təqdim etməli və Qanundan irəli gələn digər tələblərə əməl etməlidirlər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, bu Qanunun tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər 800 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 8000 manatdan 15000 manatadək məbləğdə cərimə edilirlər.