Enerji resuslarından istifadəsinə dair qanunvericilikdə yeniliklər
Enerji resuslarından istifadəsinə dair qanunvericilikdə yeniliklər

Enerji resuslarından istifadəsinə dair qanunvericilikdə yeniliklər

 

Azərbaycan Respublikası Prezidentinin 20 Avqust 2021-ci il tarixli Fərmanı ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Beləliklə, “Enerji resuslarından istifadə” haqqında qanun qüvvədən düşmüşdür.  

 

Qəbul edilən yeni Qanunun əsas məqsədi enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləməkdir. Bu qanun enerji sahəsi üzrə fəaliyyət göstərən  dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə, həmçinin istehlakçılara tətbiq olunur. Yeni Qanuna əsasən bir sıra əsaslı dəyişikliklər edilmişdir.

 

1. İlk olaraq, köhnə qanuna əsasən enerjidən istifadənin qiymətləndirilməsi üçün dövlət energetika ekspertizasının həyata keçirilməsi nəzərdə tutulurdu. Amma qanunda bu mexanizmin tənzimlənməsi qarışıq idi. Belə ki, ekspertizanı həyata keçirən şəxslərin əhatə dairəsi və ekspertizanın müddəti tam tənzimlənməmişdir. Qəbul edilən yeni qanunda isə belə qiymətləndirmənin daha effektiv həyata keçirilməsi üçün beynəlxalq standartlara cavab verən enerji auditi, enerji menecment sistemi və enerji idarəçisi müəyyən olunub.

 

Belə ki, enerji istehlakına dair  məlumatın  əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə qeyri-yaşayış  sahələrinin və təsərrüfatların qiymətləndirilməsi üçün enerji auditi keçirilir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla enerji auditi könüllü şəkildə keçiriləcək. Məcburi enerji auditi isə qanunla göstərilmiş hallardan 3 ildən bir keçiriləcəkdir.

 

Daha sonra, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan daimi enerji idarəetmə sistemi olan enerji menecment sistemi yaradılır. Bu sistemə dair tələbləri Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edir.

 

Eyni zamanda, enerjidən səmərəli istifadəyə cavabdeh olan, müəyyən edilmiş tələblərə cavab verən, energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan enerji idarəçisi təyin olunur.

 

2. Digər dəyişiklik isə ondan ibarətdir ki, enerji resuslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə Enerji Effektivliyi Fondu yaradılır.

 

3. Əvvəlki qanuna əsasən, enerjidən effektiv istifadə edilməsi məqsədilə sertifikatlaşdırma, standartlaşdırma və normativ bazanın yaradılması kimi mexanizmlərdən istifadə olunurdu. Amma bu mexanzimlər həm beynəlxalq standartlara cavab vermədiyi üçün, həm də effektivliyi artırmadığı üçün artıq yeni Qanunda bunlar tənzimlənməmişdir.

 

Belə ki, yeni Qanuna əsasən bu anlayışlar çıxarılmış və enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi və pasportlaşdırma qaydaları nəzərdə tutulmuşdur. Bir sözlə, yeni qaydalara əsasən məhsullar etiketləndikdən sonra onun sertifikatlaşdırılmasına ehtiyac yoxdur.

 

4. Həmçinin Qanunla müəyyən edilir ki, istehlak olunan enerjinin hesablanması üçün enerji təchizatçıları tərəfindən istehlakçıların artıq ağıllı sayğaclarla təmin olunması nəzərdə tutulub. Bu sayğaclar vasitəsilə həm istehlakçılar enerji istehlakının miqdarı barədə düzgün məlumat ala biləcəklər, həm də enerji istehlakının fərqlərini rahatlıqla müəyyən edə biləcəklər.

 

Bu qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.