Konstitusiya Məhkəməsi əmək münasibətləri anlayışını şərh etdi
Konstitusiya Məhkəməsi əmək münasibətləri anlayışını şərh etdi

Konstitusiya Məhkəməsi əmək münasibətləri anlayışını şərh etdi

 

Konstitusiya Məhkəməsi Plenumu 20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul etmişdir.

 

İşin faktiki hallarında qeyd olunur ki, kuryer kimi işlərin yerinə yetirilməsi üçün əmək müqaviləsi bağlamadan əməkdaş cəlb edən müvafiq MMC-yə (bundan sonra “MMC”) qarşı qaldırılmış inzibati iş üzrə MMC inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə tətbiq olunmuşdur. MMC həmin qərardan apellyasiya şikayəti verərək bildirilmişdir ki, MMC-nin mülki hüquq subyekti kimi iradə sərbəstliyi və müqavilə azadlığı əsasında poçt rabitəsi xidmətlərinin göstərilməsi üçün digər şəxslərlə mülki münasibətlərə daxil olmaq hüququ vardır və onun barəsində tətbiq olunan cərimə ədalətsizdir.

 

Konstitusiya Məhkəməsinin plenumu isə məsələyə aydınlıq gətirərək bildirmişdir ki, şəxs öz azad seçimi əsasında şəxsi əmək fəaliyyətini əmək və ya mülki hüquqi müqavilə ilə rəsmiləşdirə bilər. Bundan əlavə, baxmayaraq ki, Əmək Məcəlləsinin 2.3-cü maddəsində  qeyd olunan, əmək müqaviləsinin bağlanmasının zəruri olduğu hallar sırasında tərəflər arasında yaranan münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsi ilə bağlı yaranması halı da mövcuddur, Konstitusiya Məhkəməsi bununla bağlı qeyd edir ki, bəzən, Məcəllənin tələbinə baxmayaraq, işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər öz xarakterlərinə görə (məsələn, birdəfəlik və ya qeyri-mütəmadi olduğu üçün) mülki müqavilə ilə də rəsmiləşdirilə bilərlər.

 

Buna görə də, Konstitusiya Məhkəməsi tərəfindən məhkəmələrə tövsiyə olunur ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması müəyyən edilərkən məhkəmələr həmin münasibətlərin xarakteri və həqiqi mahiyyətini, işin faktiki hallarını araşdırmalı və bunun əsasında qərara gəlməlidirlər.