Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir
Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin bəzi maddələrini şərh etmişdir

 

30 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunda Əmək Məcəlləsinin bəzi maddələrinin şərh edilməsi ilə bağlı qərar qəbul edilib.

 

İşin hallarına əsasən A. Balayeva (iddiaçı) 19 may 2010-cu il tarixindən “Atabank” Açıq Səhmdar Cəmiyyətinin (cavabdeh) “Yeni Həyat” filialında müştəri xidməti şöbəsində mütəxəssis kimi fəaliyyətə başlamış, cavabdehin 11 mart 2019-cu il tarixli əmri ilə əmək fəaliyyətini “Səbail” filialında davam etdirmiş, 22 noyabr 2019-cu il tarixli, 1434 saylı əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi əsasında (müəssisənin ləğv edilməsi əsası ilə) xitam verilmişdir.

 

İddiaçı fəaliyyət göstərdiyi filialın ləğv olunmasını ƏM 70-ci maddəsinin “a” bəndinin təsiri altına düşmədiyini, yəni onunla bağlanmış əmək müqaviləsinin tərəfi olan cavabdehin (“Atabank” ASC-nin “Yeni Həyat” filialı) ləğv olunmadığını, bu səbəbdən də onun əmək müqaviləsinə xitam verən əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbləri ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.

 

Lakin cavabdeh iddia müddətinin keçməsi ilə bağlı ərizə verərək iddiaçının tələbinin fərdi əmək mübahisəsi olması səbəbilə 1 aylıq iddia müddətinin şamil olunmasını xahiş etmiş, məhkəmə isə müddəti tətbiq edərək iddianı rədd etmişdir. İddiaçının apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi isə həm iddiaçının birinci instansiya məhkəməsi üzrə tələbləri, həm də Əmək Məcəlləsinin 294 (fərdi əmək mübahisələrinə baxan orqanlar) və 296-cı (fərdi əmək mübahisələrinin həllində iddia müddəti) maddələrindən irəli gələn məsələlərlə bağlı mübahisə doğuran halların aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

 

Konstitusiya Məhkəməsi əvvəlcə qeyd etmişdir ki,

  • Əmək müqaviləsi işçi və mülkiyyətçi və ya onun təyin etdiyi (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi ƏM 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir
  •  
  •  Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə ƏM 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir.

 

Yaranan yanlış praktika ilə bağlı isə Konstitusiya Məhkəməsi qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 294-cü maddənin tələblərini, habelə öz Əsasnaməsinin 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qiymətləndirilə bilməz. Belə ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın:

  1. yaradılması kollektiv müqavilə ilə nəzərdə tutulmalı
  2. müəssisələrdə həmkarlar ittifaqları təşkilatlarının nəzdində yaradılmalıdır.

 

296-cı maddənin izahı ilə əlaqədar isə qeyd edilir ki, “fərdi əmək mübahisələrinə baxan orqan” dedikdə həm əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanlar, həm də məhkəmələr nəzərdə tutulur. Yəni məhkəmələr də fərdi əmək mübahisələrinə baxan orqanlardır.