COVID-19 Müvəqqəti Vergi Rejimi Qəbul Edilmişdir
Koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq Vergi Məcəlləsi və Sosial Sığorta haqqında qanuna dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasında koronavirus pandemiyasının yayılması və tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar 2020-ci ilin 1 yanvar tarixindən etibarən 1 il müddətinə müvəqqəti vergi rejiminin tətbiq edilməsinə qərar verilmişdir və Vergi Məcəlləsi ilə Sosial Sığorta haqqında qanuna müvafiq dəyişikliklər edilmişdir.
Verilmiş qərara əsasən, müvəqqəti vergi rejimi çərçivəsində verilmiş azadolma və güzəştlər baş vermiş dəyişikliklərdən zərərçəkmiş vergi ödəyicilərinə aid edilmişdir. Həmin zərərçəkmiş vergi ödəyicilərinin siyahısı aşağıdakı kimidir:
- Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları (o cümlədən taksi ilə);
- Mehmanxana, otel və mehmanxana tipli digər obyektlər;
- Turoperator və turagentlikləri;
- Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyətinin həyata keçirən vergi ödəyiciləri;
- İctimai iaşə ilə məşğul olan vergi ödəyiciləri;
- Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zalları;
- İdman-sağlamlıq obyektləri;
- Hazırlıq (tədris) və ixtisasartırma kursları, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlər;
- Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan vergi ödəyiciləri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).
Zərərçəkmiş vergi ödəyicilərinə Vergi Məcəlləsi üzrə 1 il müddətinə tətbiq edilmiş vergi güzəştləri və azadolmalar aşağıdakılardır:
- Mənfəət vergisi və Əmlak vergisi üzrə cari vergi ödəmələri və müvafiq arayışları təqdim etməkdən azad edilirlər;
- Mikro sahibkarlar üzrə sadələşdirilmiş verginin dərəcəsi 2 faizdən 1 faizə endirilir;
- Mikro sahibkarlar 2019-cu il üzrə Mənfəət və Əmlak vergisi, 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə Sadələşdirilmiş vergi bəyannamələrini və hesablanmış vergini 1 sentyabradək vergi orqalarına təqdim edir və ödəyirlər;
- Mikro sahibkar olmayan vergi ödəyiciləri isə 2019-cu il üzrə Mənfəət və Əmlak vergisi bəyannamələri üzrə hesablanmış vergini sentyabrın 1-dən gec olmayaraq ödəyirlər;
- 2020-ci il üzrə Əmlak və Torpaq vergiləri üzrə tam məbləğdə azadolma;
- Güzəştlər tətbiq edilərkən cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti ayların ödəmələrinə aid edilir.
- Sahibkarlıq meyarından asılı olmayaraq, 2020-ci il üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi;
- Sadələşdirilmiş vergi ödəyicisi olan avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları (o cümlədən taksi ilə) həyata keçirən vergi ödəyicilərinə ödənilməli sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt;
- İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə sadələşdirilmiş vergi məbləğinin 50 faizi güzəşt edilərək, 8 faizdən 4 faizə endirilir;
- Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir;
- Müvəqqəti vergi rejimi müddətində hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdiyi hava gəmiləri əmlak vergisindən azad edilir;
- Pandemiyadan zərərçəkmiş fiziki şəxslərdən tutulan daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində vergi dərəcəsi 50 faiz azaldılaraq, 14 faizdən 7 faizə endirilir;
- Ödənilməmiş vergi, DSMF və işsizlikdən sığorta məbləğləri üzrə hasablanmalı faizlər 1 aprel 2020 tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınır;
- İctimai iaşə fəaliyyəti üzrə alınmış ərzaq və hazırlanmış qida məhsullarının xarab olması 2021-ci il yanvarın 1-dək vergi tutulan əməliyyat sayılmır;
- İctimai iaşə fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi olan şəxslərin 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququ 2020-ci il sentyabrın 1-dək uzadılır;
- Müəyyən olunmuş 1 il ərzində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və müvafiq sənədlərlə rəsmiləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır;
Sosial Sığorta haqqında qanuna edilmiş dəyişikliklərə əsasən:
2020-ci il aprelin 1-dən 1 yanvar 2021-ci il tarixinədək verilmiş güzəştlər:
- Tikinti və ticarət sahələrində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 25 faizi miqdarında hesablanır;
- Digər sahələrdə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 15 faizi miqdarında hesablanır;
- Məcburi dövlət sosial sığortasının hesablanmasında regionlarda tətbiq edilən əmsallar saxlanılır;
2021-ci ilin 1 yanvar tarixindən 2026-cı il yanvarın 1-dək isə məcburi dövlət sosial sığorta haqqları aşağıdakı kimi hesablanacaq:
- Tikinti və ticarət sahələrində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 50 faizi miqdarında;
- Digər sahələrdə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 25 faizi miqdarında hesablanacaq;
- Məcburi dövlət sosial sığortasının hesablanmasında regionlarda tətbiq edilən əmsallar saxlanılır;
Aşağıda qeyd edilən digər dəyişikliklər 2026-cı il 1 yanvar tarixinədək qüvvədədir:
- Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik -minimum aylıq əməkhaqqının 5 faizi;
- Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla)– minimum aylıq əməkhaqqının 5 faizi;
- Çəkməçi, pinəçi, fərdi qaydada fəaliyyət göstərən bərbərlər və dərzilər, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi;
- Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və ofisiant – minimum aylıq əməkhaqqının 3 faizi;
- Vəkillər, sərbəst auditorlar və mühasiblər üzrə- gəlirlərdən xərclər çıxılmaqla 10 faiz;
- Kənd təsərrüfatında çalışan fiziki şəxslərin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların sahəsi 5 hektaradək olduqda, hər bir əmək qabiliyyətli ailə üzvünə görə- minimum əməkhaqqının 2 faizi, 5 hektardan 10 hektaradək olduqda- minimum əməkhaqqının 6 faizi, 10 hektardan artıq olduqda isə- 10 faizi;
- Torpaq mülkiyyətçilərinin verdikləri sosial sığorta hesabatları isə sabit qəbzlə əvəz edilir;
Aşağıdakı gəlir növləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə əlavə edilmişdir:
- faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi;
- sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait;
- müəlliflik qonorarı istisna olmaqla, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər.