Hüquqi şəxsin ləğvi təcrübəsində yenilik
Hüquqi şəxsin ləğvi təcrübəsində yenilik

Hüquqi şəxsin ləğvi təcrübəsində yenilik

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.6-cı bəndinə əsasən, “ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur”.

 

Ləğvetmə ilə bağlı qeyd edilmiş müddətin keçməsi halında ləğvetmə prosesində olmuş hüquqi şəxs tərəfindən ləğv prosesinə xitam verilməsi və hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsi barədə, təsviyəçinin fəaliyyətinə xitam verilməsi və icra orqanın təyin olunması barədə qərar tələb edilir.
Praktikada qeydiyyat orqanı tərəfindən yuxarıda qeyd edilmiş qərar həmçinin, müddətin keçməsi ilə əlaqədar ləğv prosesinə xitam verilmiş hüquqi şəxsin yenidən ləğv prosesinə başlaması zamanı da tələb edilir.

 

Yuxarı vergi orqanının məsələ ilə bağlı mövqeyinə əsasən, hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsi barədə qərar yalnız kommersiya hüquqi şəxsi ləğvetmə prosedurlarına yenidən başlamadıqda və fəaliyyətini davam etdirdikdə təqdim edilməlidir. Hüquqi şəxs ləğv prosesinə yenidən başlaması barədə qərar qəbul etdikdə isə qeydiyyat orqanına yalnız qanunvericilikdə ləğv prosesinə başlanması üçün tələb edilən sənədlər təqdim edilməlidir.

 

Beləliklə, praktiki yenilik olaraq qeyd etmək lazımdır ki, hüquqi şəxsin 1 il müddətində ləğv prosesini başa çatdırmaması və ləğv prosesinə yenidən başlamaq üçün müraciət etməsi halında bu cür hüquqi şəxsin fəaliyyətini ilkin olaraq bərpa etməsi tələbi aradan qaldırılmış və bu proses hüquqi şəxsin ləğv prosesinə başlaması ilə bağlı qanunvericilikdə tələb edilən sənədləri təqdim etməsi tələbi ilə əvəz edilmişdir.

 

Yəni, qanunvericilikdə göstərilmiş 1 il müddətində ləğv prosesi başa çatdırılmamış hüquqi şəxsin fəaliyyətini bərpa etməsi ilə hüquqi şəxs ləğv prosesinə yenidən başlaması prosedurları fərqləndirilməlidir. Belə ki, ikinci halda yalnız Mülki Məcəllənin 60-61-ci maddələrində göstərilmiş prosedur həyata keçirilməli və ləğv prosesinə başlamaq ilə bağlı sənədlər təqdim edilməlidir. Hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsi ilə bağlı tələb ləğv prosesinə yenidən başlamaq barədə qərar qəbul etmiş hüquqi şəxslərə şamil edilmir.

 

Qeyd edilən proses yuxarı vergi orqanının yazılı mövqeyi ilə təsdiq edilmiş və qeydiyyat orqanı tərəfindən də praktiki olaraq qəbul edilmişdir. Ləğv prosesi ilə bağlı oxşar situasiyada olan müəssisələr yuxarıda qeyd edilmiş prosesi tətbiq edə bilərlər.

Hüquqi şəxsin ləğvi prosesi, ləğv zamanı hüquq və vergi dəstəyi ilə əlaqədar bizimlə qeyd edilən əlaqə vasitələrlə əlaqə saxlaya bilərsiniz:

[email protected]; 0099450 289 89 73