Kassa əməliyyatlarının aparılması qaydaları təsdiq edilmişdir
Kassa əməliyyatlarının aparılması qaydaları təsdiq edilmişdir

Kassa əməliyyatları qaydaları təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli 365 nömrəli Qərarı ilə “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” təsdiq edilmişdir. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydasını tənzimləyir. Bu Qayda Azərbaycan Respublikasının Mərkəzi Bankına, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara və kredit təşkilatlarına şamil edilmir.

Bu Qaydaya görə bank hesabından çıxarılan pul çek kitabçasında, bankın məxaric orderində göstərilən təyinatlar üzrə müəyyən edilir. Vergi ödəyicisinin kassasına müxtəlif mənbələrdən daxil olan pul vəsaitlərinə görə tərtib olunan kassa mədaxil orderində pul vəsaitinin təyinatı göstərilməlidir. Əgər vergi ödəyicisi və ya səlahiyyət verdiyi başqa şəxs  pulu bank hesabından nağd şəkildə çıxarırsa, bu zaman pul vəsaiti məhz həmin gün və həmin şəxs tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilməlidir.

 

Vergi ödəyicisi təhtəlhesab şəxslərə nağd pulu 5 iş günü müddətində verə bilər. Bu zaman ezamiyyə xərcləri istisna olunur. Təhtəlhesab şəxsdən verilmiş pulun qaytarılması göstərilən müddətdən tez tələb edilə bilər. Ezam olunan şəxslər aldıqları və xərcləmədikləri pul vəsaitini ezamiyyət müddəti başa çatdıqdan sonra ən geci 3 (üç) iş günü ərzində kassaya qaytarmalıdır.

 

Kassa məxaric orderi vergi ödəyicisinin və ya onun müvafiq struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxslər tərəfindən imzalanır. Xəzinədar nağd pulu yalnız kassa məxaric orderində və ya ona əlavə edilən etibarnamədə göstərilən şəxslərə verə bilər. Əgər nağd pul etibarnamə əsasında kassa məxaric orderi ilə verilərsə, orderdə pul alan şəxsin adı, soyadı və atasının adından sonra pulun alınması etibar edilən şəxsin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix yazılır.  Əgər kassa məxaric orderi ilə vergi ödəyicisinin işçisi olmayan şəxsə  pul vəsaiti verildikdə, kassa məxaric orderində pul alanın şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix yazılır.

 

Kassa mədaxil orderi və onların qəbzləri, həmçinin kassa məxaric orderi və ona əlavə edilən ödəniş sənədləri dürüst və aydın formada doldurulmalı və həmin sənədlərdə heç bir düzəlişə yol verilmir. Kassa mədaxil orderi blanklarının cırılmasına, pozuntuların aparılmasına, ləkələnməsinə, habelə kassa mədaxil və məxaric orderlərinin üzərində düzəlişlərin edilməsinə yol verilmir. Xəzinədar sənədlərdə imzaların mövcudluğunu və özündə olan imza nümunəsi ilə uyğunluğunu, sənədlərin düzgün tərtib olunduğunu, məbləğlərin doğruluğunu, əlavə sənədlərin mövcudluğunu yoxlamalıdır.

 

Vergi ödəyicilərində bütün növ pul vəsaitləri (valyutaları) üzrə aparılan kassa əməliyyatları üçün müəyyən olunmuş formada ayrıca kassa kitabı açılır. Həmin kitablarda bütün mənbələr hesabına kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkəti əks etdirilir.

 

Kassa kitabında qeydsiz düzəlişə yol verilmir. Qeydli düzəlişlər isə xəzinədar, baş mühasib və ya onu əvəz edən şəxslərin imzaları ilə müvafiq qaydada təsdiq edilir. Kassa kitabının düzgün tərtib edilməsinə və kassa əməliyyatlarının aparılmasına baş mühasib nəzarət edir. Baş mühasibə təqdim olunmuş kassa hesabatı onun tərəfindən yoxlanılaraq qəbul edilir. Kassa mədaxil orderi olmadan kassaya nağd pul mədaxil və ya kassa məxaric orderi olmadan kassadan nağd pul məxaric edilmir.

 

Xəzinədar işə qəbul edildikdən sonra vergi ödəyicisinin və ya müvafiq struktur bölmənin rəhbəri onu kassa əməliyyatlarının aparılması qaydaları ilə rəsmi tanış edir və onunla müəyyən olunmuş qaydada tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlayır. Vergi ödəyicilərində xəzinədarın əvəz edilməsi zamanı onun vəzifəsinin icrası vergi ödəyicisinin rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir. Xəzinədar vəzifəsinin icrası həvalə edilmiş işçi ilə tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılır.  Xəzinədar ştatı olmayan vergi ödəyicisində kassa əməliyyatlarının yerinə yetirilməsi vergi ödəyicisinin rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir və onunla tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılır.