İşçilərin Ezamiyyə Qaydalarına dəyişikliklər edilmişdir
İşçilərin Ezamiyyə Qaydalarına dəyişikliklər edilmişdir

 

İşçilərin Ezamiyyə Qaydalarına dəyişikliklər edilmişdir

 

Maliyyə Nazirliyi tərəfindən 18 yanvar 2012-ci il tarixində qəbul edilmiş İşçilərin Ezamiyyə Qaydalarına (bundan sonra "Ezamiyyə Qaydaları") dəyişikliklər edilmişdir. Dəyişikliklər 9 oktyabr 2024-cü ildə qüvvəyə minib. Aşağıda, bu dəyişikliklərin əsas müddəalarını ümumiləşdiririk.

 

Ezamiyyə qaydaları üzrə ümumi yeniliklər

 

İşçilərin ezamiyyət müddəti 40 gündən yuxarı ola bilməz. Qeyd edilmiş dəyişikliklərə görə bu qayda bütün işçilərə, o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşlarına, inzibati-texniki işçilərinə və digər təşkilatların nümayəndələrinə də şamil edilir.

Eyni zamanda nəqliyyat xərclərinin siyahısından nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri çıxarılmışdır.

Dəyişiklərə əsasən, həmçinin, təşkilatlar daxilində ezamiyyət xərclərinin məhsulun (işin və xidmətlərin) maya dəyərinə daxil edilməsi və həmin təşkilatlar tərəfindən öz sərəncamlarında qalan mənfəət hesabına artırılmasına dair qüsurlu və məhdudlaşdırıcı norma da aradan qaldırılmışdır.

 

Respublika Daxilində Ezamiyyələr

 

Respublika ərazisində ezamiyyələr zamanı işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunduqda, gəlmə və getmə günləri haqqında məlumatlar ezamiyyət vəsiqəsində ayrıca qeyd edilir.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasına daxil olan xərclərin hissəsində də dəyişikliklər edilmişdir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri, 25 faizini gündəlik yemək xərcləri, 5 faizini  şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.

Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini  yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi;

yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi;

yalnız yeməklə təmin etdiyi hallarda hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 faizi həcmində vəsait ödənilir.

 

Xarici ölkələrə ezamiyyələr

 

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini  gündəlik yemək xərcləri, 5 faizini  şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir. Təşkilatlar xarici ezamiyyə xərclərini, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq manatla və ya bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər.

Dəvət edən tərəf ezam olunan işçini:

yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi;

yalnız yeməklə təmin etdiyi hallarda hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 65 faizi;

yaşayış yeri və yeməklə təmin etdiyi hallarda hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəf işçini yeməklə təmin edərək yalnız yaşayış yeri xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq  və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi;

yaşayış yeri ilə təmin edərək yalnız yemək xərci üçün vəsait ödədiyi  halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 35 faizindən az olarsa həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir.

Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.