24 aprel 2018-ci il tarixində "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanunu (bundan sonra: Qanun) qəbul edilmişdir. Bu dəyişikliklər 3 yöndə təsnif edilə bilər:
1. Sağlamlaşdırma planının tərtibi və hüquqi nəticələri ilə bağlı
Dəyişikliklərlə Qanuna "sağlamlaşdırma planı" anlayışı daxil edilmişdir. Sağlamlaşdırma planı borclu və kreditorların hazırladığı tədbirlər kompleksidir ki, burada ödəniş cədvəlləri, nəticələr, istifadə olunan resurslar və ehtimal olunan risklər göstərilir. Sağlamlaşdırma planının məzmunu Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Sağlamlaşdırma planı bu barədə qərar qəbul edildikdən 3 ay ərzində tərtib edilməlidir. Adıçəkilən plan və ona dəyişikliklər kreditorlar yığıncağı tərəfindən qəbul edilir. Həmçinin, Qanuna edilən əlavələrlə kreditorlar yığıncağının tərkibi müəyyən edilmişdir. Belə ki, əgər kreditorlar tələbləri və tələblərinin təminatı baxımından müxtəlifdirsə, kreditorlar qrupları yaradılır. Bu qruplar aşağıdakı meyarlara əsaslanaraq təşkil edilir:
a) girov və ya ipoteka ilə təmin edilən öhdəliklər üzrə kreditorlar;
b) həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblər, habelə alimentlərin tutulması barəsində tələblər üzrə kreditorlar;
c) əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi barədə tələblər üzrə kreditorlar;
ç) dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər, kredit təşkilatlarının təminatsız borcları və onların faizləri üzrə kreditorlar;
d) qanundan və ya müqavilədən irəli gələn tələblər üzrə digər təminatsız kreditorlar (o cümlədən mal, iş və xidmət müqavilələri üzrə təminatsız kreditorlar);
e) borclu hüquqi şəxsin təsisçiləri (iştirakçıları).
Hər bir qrup üzrə kreditorların üçdə ikisindən çoxu sağlamlaşdırma planının qəbulunda iştirak etməlidir. Planın qəbulu zamanı isə təminatlı kreditorlar qrupu baxımından tələblərin ümumi məbləğinin üçdə ikisindən çox hissəyə malik kreditorlar, təminatsız kreditorlar qrupu baxımından tələblərin yarısından çox hissəyə malik kreditorlar tərəfindən sağlamlaşdırma planı qəbul edilməlidir. Qeyd edilməlidir ki, təminatsız kreditorlar içində borclunun aidiyyəti şəxsləri vardırsa, onların səsləri sağlamlaşdırma planının qəbulu zamanı nəzərə alınmır. Kreditorlar yığıncağında hər bir kreditorlar qrupundan bir üzv iştirak etməlidir. Sağlamlaşdırma planı üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir və əgər səslər bərabər olarsa, yığıncaq tərəfindən seçilmiş sədrin səsi həlledici hesab edilir. Sağlamlaşdırma planı qəbul edildikdən sonra 3 gün ərzində təsdiq üçün məhkəməyə təqdim edilməlidir.
Sağlamlaşdırma prosesi başlandıqda özü ilə müəyyən hüquqi nəticələr yaradır. Belə ki:
a) əmlak inzibatçısının Qanunun 20-ci maddəsinin 4-cü hissəsində qeyd olunan hüquqları nəzərə alınmaqla, borclunun təsisçilərinə (iştirakçılarına), digər idarəetmə və nəzarət orqanlarına borcluya məxsus əmlakların istifadəsi və onların üzərində sərəncam verilməsi qadağan edilir;
b) borclunun bütün kreditorlarının, borclunun təsisçilərinin (iştirakçılarının), habelə digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin borcluya qarşı iddiaları üzrə məhkəmələrin qəbul etdiyi qərarların icrası dayandırılır;
c) borclunun bütün kreditorlarının, borclunun təsisçilərinin (iştirakçılarının), habelə digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin ərizəsi əsasında borcluya münasibətdə iflas haqqında işin qaldırılmasına yol verilmir;
d) borclunun bütün kreditorlarının tələbləri, o cümlədən mübahisəsiz (akseptsiz) qaydada ödənilməli olan tələblər üzrə borclunun bank hesablarından pulların çıxarılmasına, habelə tələblərin borclunun əmlakına yönəldilməsinə yol verilmir.
Lakin təminatlı tələblərdə təminat predmetinin məhv olmasına gətirə biləcək hallar baş verərsə, yuxarıdakı hüquqi nəticələrin aradan qaldırılması barədə məhkəmə qərarı qəbul edilə bilər.
2. Borclunun aktivlərinin satılması prosesi ilə bağlı
Digər bir dəyişikliyə görə, dəyəri borclunun aktivlərinin 5% və daha çoxunu təşkil edən aktivlərin satılarkən kreditorlar yığıncağının razılığı tələb olunur. Dəyəri borclunun aktivlərinin 5%-dən az hissəsini təşkil edən aktivlərin satılması zamanı isə kreditorlar yığıncağının razılığı tələb edilmir.
3. Ödənişlərin növbəliliyini süni şəkildə dəyişən əqdlərlə bağlı
Həmçinin, dəyişiklərə əsasən, borclunun iflas prosesinin başlanmasından 6 ay əvvəlki müddət ərzində kreditorlardan birini ödənişlərin növbəliliyi baxımından digərlərindən üstün vəziyyətə gətirən əqdlərin bağlanmışsa, əmlak inzibatçısı bu cür əqdin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.
Qeyd edilmiş dəyişiklər barədə ətraflı məlumat üçün, habelə dəyişikliklərin sahibkarlıq fəaliyyətində nəzərə alınması üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə: Mobil: (+994 50) 289 89 73
Ofis: (+994 12) 480 14 86
Email: [email protected]
https://www.caspianlegalcenter.az/