23 aprel 2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra: Məcəllə) dəyişikliklər edilmişdir. Bu dəyişikliklər hüquqi şəxsin adından çıxış etmə səlahiyyəti olan şəxslərin məsuliyyəti, hüquqi şəxsin audit komitəsinin tərkibi və məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının paylara üstünlük hüququ ilə bağlıdır.
Dəyişikliklərin böyük üstünlüyü hüquqi şəxsin adından çıxış edən şəxslərin məsuliyyəti ilə bağlıdır. Məcəllənin 49-cu maddəsinə hüquqi şəxs adından çıxış edən şəxsin, həmçinin idarəetmə orqanlarında təmsil olunan şəxslərin (müşahidə şurası və icra orqanı üzvləri) hüquqi şəxsə dəyən zərərə görə məsuliyyət daşıdığı hallar əlavə edilmişdir. Həmin hallar bunlardır: hüquqi şəxs zərərlə işlədiyi halda və ya onun mənafeyinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanması.
Əgər bu sui-istifadə hallarından biri baş verərsə və ya baş verməsinə dair əsaslı şübhələr yaranarsa, hüquqi şəxsin iştirakçıları bu halları yoxlamaq üçün sadalanan halları icra edən şəxsdən bunla bağlı sənədləri tələb edib yoxlaya bilər. Qeyd edək ki, belə bir tələb edə bilmək üçün hüquqi şəxsin iştirakçısının nizamnamə kapitalında 5 faiz səhmə, yaxud paya malik olması kifayətdir. Bu halların baş verdiyi aşkarlanarsa, hüquqi şəxsə ziyan vurmuş hərəkəti icra edən şəxs ümumi yığıncağın qərarı ilə vəzifədən kənarlaşdırıla bilər. Lakin bu halda da, həmin şəxs hüquqi şəxsə vurduğu zərər üçün yenə də məsuliyyət daşıyacaqdır. Həmçinin, sadalanan əqdlərdən zərərçəkmiş şəxslər bu əqdlərin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldıra bilərlər.
Digər bir dəyişiklik isə cəmiyyətin audit komitəsinin tərkibi ilə bağlıdır. Əgər indiyədək audit komitəsinə ancaq fiziki şəxslər seçilə bilərdisə, dəyişikliklərlə bu məhdudiyyət aradan qaldırılmışdır. Həmçinin, cəmiyyətin direktorlar (müşahidə) şurasının üzvləri audit komitəsinin üzvü ola bilərlər. Bu dəyişiklik həm səhmdar cəmiyyət, həm də məhdud məsuliyyətli cəmiyyət baxımından keçərlidir.
Məcəlləyə edilmiş dəyişikliklərlə məhdud məsuliyyətli cəmiyyətin (MMC) iştirakçılarına payları satınalmada birmənalı olaraq üstünlük hüququ tanınmışdır. Artıq MMC iştirakçılarından biri özünə aid payları özgəninkiləşdirmək istədikdə, ilk növbədə bunla bağlı MMC-nin digər iştirakçılarına müvafiq təklif etməlidir. Əvvəlki versiyada isə, cəmiyyətin nizamnaməsilə və ya iştirakçıların razılaşması ilə başqa qayda nəzərdə tutula bilərdi.
Ümumilikdə, edilmiş dəyişikliklər biznes mühitində şəffaflığın təmin olunmasına, hüquqi şəxsin iştirakçılarının və hüquqi şəxslə müqavilə bağlayan şəxslərin hüquqlarının qorunmasına yönəldiyindən müsbət qiymətləndirilir.