Müflisləşmə və iflas qaydaları dəyişdirilmişdir
Müflisləşmə və iflas qaydaları dəyişdirilmişdir

 

 

29 aprel 2019-cu ildə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qanun”) dəyişiklik edilmişdir.

Belə ki, Qanun vasitəsilə borclunun, yəni iflas prosesini başlamaq istəyən şirkət və ya fiziki şəxsin ödəmə qabiliyyətinin olmamasını təsdiq edən hallar dəyişdirilmiş və məsələyə əlavə aydınlıq gətirilmişdir. Dəyişikliklərə əsasən, borclu şəxs aşağıdakı hallarda ödəmə qabiliyyəti olmayan hesab edilir:

  1. məhkəmə və ya kreditorlar tərəfindən borclunun həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etmədiyi və ya
  2. vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etmədiyi və ya
  3. borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etmədiyi müəyyən edildikdə.

Həmçinin, Qanuna iflas haqqında iş üzrə məhkəmə baxışı ilə bağlı müddəa əlavə edilmişdir. Belə ki, iflas haqqında iş üzrə ərizə daxil olduqdan 1 ay ərzində məhkəmə tərəfindən işə baxılmalı və qərar çıxarılmalıdır. Bu müddət həmçinin, məhkəmə qərarından şikayət verildiyi halda sonrakı instansiya məhkəmələrinə də şamil olunur. Bununla yanaşı, Qanuna edilən dəyişikliyə əsasən, iflas haqda iş üzrə məhkəmə qərarından şikayət verilərsə, borclunun əmlakının satışı və kreditorlara ödənişlər dayandırılır.

Qanunan edilmiş növbəti dəyişiklik isə sağlamlaşdırma planı ilə bağlıdır. Kreditorlar qrupu daxilində sağlamlaşdırma planı ilə bağlı səsvermə həyata keçirilərkən yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən kreditorların iştirakı nəzərdə tutmuşdur. Bununla belə, sağlamlaşdırma planı qəbul olunduğu təqdirdə, planın əleyhinə səs vermiş, həmçinin səsvermədə iştirak etməmiş kreditorların da tələbləri təmin ediləcəkdir. Bu zaman tələblərin təmin edilməsi növbəlilik qaydası ilə həyata keçiriləcəkdir.