Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci ildə ipoteka məsələləri ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və "İpoteka haqqında" qanunun bir sıra maddələrinin əlaqəli şərhinə dair qərar çıxarmışdır.
Bu qərarda əsasilə "kredit xətti müqavilələri" və onların banklarda yaratdığı öhdəliklərə, həmçinin onların şərtlərinə və zaminin statusuna təsiri məsələlərinə toxunulmuşdur. "Kredit xətti müqaviləsi" bankla şəxslər arasında bağlanır və şəxslərin maliyyə mənbələrinə əlçatımlılığını asanlaşdırmağa yönəlir. Yəni, bankın şəxsə gələcəkdə kredit verməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit xətti müqaviləsi niyyət ifadəsi deyil, müqavilədir. Yəni, kredit xətti müqaviləsi bank üzərində öhdəlik yaradır və bundan sonra bank, müqavilənin digər tərəfi tələb etdikdə, müqavilə şərtlərinə uyğun olaraq kredit verməlidir. Bu hal yalnız o zaman keçərli olmaya bilər ki, müqavilənin bağlandığı vaxtla kreditin faktiki olaraq tələb olunduğu vaxt arasında kredit tələb edən şəxsin maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmiş olsun və krediti ödəyə bilməyəcəyi qənaətinə gəlinsin.
Digər tərəfdən, kredit xətti müqaviləsində zaminlik və ipoteka ilə bağlı şərtlər aydın göstərilmiş olmalıdır. Əks təqdirdə, bu şərtlər faktiki olaraq kredit alındığı zaman müəyyən edilərsə, zamin və ya ipoteka qoyanın razılığı olmalıdır. Əgər kredit alındıqda müəyyən edilən şərtlərlə kreditin məbləği, müddəti, faiz dərəcəsi zaminin vəziyyətini ağırlaşdırarsa, bu hal zaminliyə xitam verilməsi üçün əsas sayılacaqdır.
Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu 4 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin şərhinə dair qərar çıxarmışdır. Qərarın məğzi ölmüş şəxsin borclarına nisbətdə vərəsələrin və zaminlərin hüquq və öhdəliklərinin dəqiqləşdirilməsindən ibarətdir.
Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında göstərmişdir ki, ölmüş şəxsin passivləri üçün ilk növbədə onun vərəsələri məsuliyyət daşıyır. Lakin qeyd edilməlidir ki, vərəsələr yalnız onlara qalmış miras payı ilə mütənasib həcmdə məsuliyyət daşıyırlar. Zaminlik isə əsas kreditorun vəfat etməsi ilə xitam olunmur. Belə ki, vərəsələr borcu ödəyə bilmədikdə və ya onlara qalmış mirasın həcmi bunun üçün kifayət etmədikdə, zaminin həmin borcu tam həcmdə ödəmək öhdəliyi yaranır. Həmçinin, ölmüş şəxsin borcundan yaranmış faizlər də eyni qaydada vərəsələr və zamin tərəfindən ödənilməlidir.