25 May 2018-ci ildən Avropa Birliyində yeni Məlumatların Qorunması üzrə Ümumi Qaydalar (ingiliscə General Data Protection Regulation, qısa adla “GDPR”) qüvvəyə minir. Yeni qaydalara əsasən, Avropa Birliyi ərazisində yaşayan şəxslərin fərdi məlumatlarının, o cümlədən birbaşa və ya dolayı yollarla onların adı, identifikasiya nömrəsi, fiziki, psixoloji, genetik, əqli, iqtisadi və ya sosial xüsusiyyətlərini əks etdirən məlumatlarının toplanılması, saxlanılması, istifadəsi, ötürülməsi və silinməsi ilə bağlı müddəalar daha da sərtləşdirilmişdir.
Avropa Birliyində yaşayan şəxslərin fərdi məlumatlarını toplayan və ya istifadə edən şəxslər, yəni bu şəxslərə xidmət və ya mal satan şirkətlər yeni qaydalara əməl etməlidirlər. Yəni, yeni qaydalar Avropa Birliyindən kənarda yerləşib, amma onun subyektlərinə mal və ya xidmət satan şirkətlərə də şamil olunacaqdır.
GDPR qaydalarına əməl etməyən, fərdi məlumatlarla işini və daxili qaydalarını tələb edilən standartlarda qurmayan şirkətlər illik gəlirlərinin (bütün dünya üzrə gəlirlərinin) 4% və ya 20 milyon avroyadək məbləğdə cərimələnir. Qeyd etmək lazımdır ki, bu isə öz növbəsində digər hüquqi məcburiyyət vasitələrini və sanksiyaları da istisna etmir.
Avropa Birliyində yaşayan şəxslər, o cümlədən AB üzv dövlətlərinin vətəndaşlarına aid şəxsi məlumatları əldə edən Azərbaycan şirkətləri də qeyd edilən qaydaların tətbiqi dairəsinə düşür və belə bir risklə qarşılaşa bilərlər.
Bura daha çox hotellər, turizm şirkətləri, sərnişindaşıma ilə məşğul olan nəqliyyat şirkətləri, internet üzərindən AB üzv dövlətlərinə mal və ya xidmət satan Azərbaycan şirkətlərini aid etmək olar.
Qaydaların sizin şirkətə tətbiq edilib-edilməməsini öyrənmək üçün, habelə ətraflı hüquqi dəstək üçün Caspian Legal Center ilə əlaqə saxlaya bilərsiniz.