Azərbaycana girişə qadağa:  Əcnəbilərə tətbiq olunan məhdudlaşdırmanı necə aradan qaldırmaq olar?

Məzmun:

Miqrasiya qaydaları haqqında məlumatlı olma:

Hazırda Azərbaycan Respublikası tanınmış bir iş və turizm məkanı olaraq daha çox maraq qazandığından, miqrasiya qaydaları və əcnəbilərin Azərbaycana daxil olması ilə bağlı qadağalar və məhdudiyyətlərə dair tənzimləmələr nəzərə alınmalı məsələlərdəndir.

Miqrasiya qaydalarını bilməmək və bu qaydaları pozmaq bəzən əcnəbilər üçün gözlənilməz nəticələrə səbəb olur. Miqrasiya qaydalarını pozarkən bir çox əcnəbi cərimələnmə ehtimalını nəzərə alsa da, onların çox az hissəsi 5 ilədək Azərbaycana giriş qadağası kimi daha ağır nəticənin fərqində olur.

Beləliklə, bu məqalə ilə əcnəbilərin Azərbaycana girişə məhdudiyyət və ya qadağaya səbəb olan hallar barədə məlumatlılığını artırmağa və bu cür qadağaların aradan qaldırılması imkanları haqqında təsəvvür yaratmağa çalışacağıq.

Prosedurları daha yaxşı başa düşmək üçün əcnəbilər onların Azərbaycana girişinə hansı hallarda qadağa qoyula biləcəyini bilməlidir. Azərbaycana girişə qadağa və ya məhdudiyyət qoyulması əksər hallarda əcnəbilərin Azərbaycana daxil olmaq üçün viza aldıqları vaxt məlumatlandırıldıqları fərqli bir tənzimləmədir.

Azərbaycana girişə qadağa:

Bunları nəzərə alaraq, aşağıda əcnəbilərin Azərbaycana girişinə qadağa qoyulması əsasları sadalanmışdır:

  1. Milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə;

Hökumət ölkədə milli təhlükəsizliyə və ya ictimai asayişə zərər verə biləcək müəyyən şəxs və ya qruplar haqqında məlumat aldıqda və ya onsuz da bu haqda məlumatlı olduqda bu, məhdudlaşdırma əsaslarından biridir.

  1. Şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda;

Bu qrupa daxil olan şəxslər adətən, təqib üçün beynəlxalq axtarışa verilən cinayətkar qrupların bir hissəsidir.

  1. Şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;

Bu şəxslərin Azərbaycana daxil olmasına, hətta müəyyən edilmiş cəzanı çəksə belə, məhkumluğu götürülməmişsə, icazə verilmir.

  1. Şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə;

Bu qrupun tərkibinə daxil olmaq üçün, xarici vətəndaş daha əvvəl Azərbaycana gəlmiş olmalı və Azərbaycan hüdudlarından kənara çıxarılmış olmalıdır.  Bu qadağanın səbəbini daha yaxşı başa düşmək üçün, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılma hallarını sadalamaq lazımdır.

Azərbaycan hüdudlarından kənara çıxarılma:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər:

  1.  cinayət törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edildikdə;

Azərbaycan cinayət qanunvericiliyinə görə əcnəbilər cinayət törətdikdə, həmin cinayətə görə Azərbaycan qanunvericiliyində 1 ildən çox müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulursa, ölkə hüdudlarından məcburi qaydada kənara çıxarıla bilər.

  1. inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə;

Əksər hallarda əcnəbilər Azərbaycanda müvafiq icazələr, sənədlər, vizalar və s. olmadan olduqda və yaşadıqda, Azərbaycan Respublikası ərazisində etibarsız sənədlərlə olduqda və ya yaşadıqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşadığı müddətdə Azərbaycan Respublikasına gəlişi üçün göstərdiyi məqsədə uyğun olmayan fəaliyyətlə məşğul olduqda, iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, bir yerdən digərinə gedərkən yaşadığı yer üzrə qeydiyyat qaydalarına əməl etmədikdə, müvafiq müddət başa çatdıqdan sonra ölkəni tərk etməkdən imtina etdikdə və ölkədə qaldıqda, Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etmədikdə barələrində inzibati tənbeh tədbirləri tətbiq edilir.

Nəzərə alınmalıdır ki, inzibati xəta törədilməsi hallarında, bu xətaya görə tətbiq olunan inzibati cərimənin bərabərində ölkədən kənara inzibati qaydada çıxarma tənbeh tədbiri tətbiq edilə və ya edilməyə bilər. Bu cür inzibati qaydada çıxarma barədə qərar gələcəkdə qadağanın aradan qaldırılmasının mümkünlüyünə yüksək təsirə malikdir.

  1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında müvafiq orqan tərəfindən qərar qəbul edildikdə;

Belə qərar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir. Miqrasiya Xidməti aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edir:

  1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə;
  2. Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə;
  3. cəza çəkməkdən azad edilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşamaları üçün əsaslar olmadıqda
  1. Şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər.

Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.

  1. Şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda;

Bu, miqrasiya qaydalarının pozulmasına görə inzibati cərimə tətbiq edilməsinin əsas səbəblərindən biridir. Belə hallar əcnəbinin Azərbaycana turist kimi gəldiyini bəyan etsə də, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olması halında baş verir.

  1. Şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə;

Bu cür məhdudiyyət Azərbaycan Respublikasına səfərdən əvvəl verilən saxta məlumatlarla əlaqədardır. Yuxarıda göstərilən bütün hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına daxil olması 5 ilədək müddətə qadağandır.

Ölkəyə daxil olması artıq olunmuş əcnəbilər üçün tövsiyələr:

          Qeyd edilməlidir ki, ölkəyə girişə qadağa qoyulması bu qadağanın aradan qaldırılmasının bütün hallarda qeyri-mümkün olduğu mənasına gəlmir və Azərbaycana səfər etmək arzusunda olan əcnəbilər heç də bütün hallarda qadağa ilə müəyyən edilmiş 5 il müddətin keçməsini gözləməlidi deyillər. Belə hallarda əcnəbilər inzibati cərimənin qadağa ilə birlikdə tətbiq olunub-olunmamasını nəzərə almalıdırlar. Qadağanın ləğvi prosesinə asanlıqla tətbiq olunan bu məsuliyyət tədbiri Azərbaycanı tərk etməzdən əvvəl ödənilməlidir.

Lazımi tövsiyələr alındıqda və qadağanın aradan qaldırılması üçün səlahiyyətli şəxslərlə əlaqə qurmaq üçün ixtisaslı hüquqşünaslarla əlaqə saxlandıqda, müsbət nəticələr əldə etmək həmişə mümkündür.

Caspian Legal Center (CLC) əcnəbilərə qoyulan qadağanın aradan qaldırılması üçün zəruri olan bütün addımları atmaq, istiqamətləndirmək və həyata keçirmək kimi xidmətlər təklif edir.