Nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı dəyişikliklər edilmişdir.

7 noyabr 2017-ci ildə mülki prosessual və inzibati prosessual qanunvericiliklərə nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı dəyişikliklər edilmişdir.

Belə ki, 1 yanvar 2018-ci ildən etibarən hər hansı hüquqi şəxsi, yəni kommersiya və ya qeyri-kommersiya qurumunu məhkəmələrdə yalnız onun direktoru və ya nizamnaməsi ilə səlahiyyətləndirilmiş vəzifəli şəxsi, habelə əsas iş yeri həmin qurumda olan şəxslər və ya vəkillər təmsil edə biləcəklər. Yəni şirkətin məhkəmədə hüquqi işlərini yalnız vəkil və ya həmin şirkətdə əsas iş yeri olan hüquqşünası yerinə yetirə biləcək.

Şirkətlər məhkəmə işlərini ikinci iş yeri üzrə (əvəzçilik) orada işləyən və ya mülki müqavilə əsasında kənar hüquq xidməti göstərən vəkil olmayan hüquqşünasa həvalə etmək üçün onları əsas iş yeri kimi (tam-ştat) qeydiyyatdan keçirməlidir.

Fərdi sahibkarlar isə məhkəmə işlərini yaxın qohumlarına və ya vəkilə həvalə edə biləcəklər.

Qeyd edək ki, dəyişikliklər hazırda baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmayacaqdır.