Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 1 yanvar 2021-ci ilədək uzadılmışdır

Azərbaycan Respublikası Milli Məclisinin ​​​​​31.10.2017-ci il tarixdə keçirilən növbəti plenar iclasında gündəlikdəki məsələlərdən biri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişikliklər olmuşdur. 

Qanuna nəzərdə tutulan əsas dəyişiklik yoxlamaların dayandırılması müddətinin uzadılması ilə bağlı olmuşdur. Belə ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılmışdır.

Qeyd edək ki, 20 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa (“Qanun”) əsasən, sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması nəzərdə tutulmuşdu və bu müddət 01.11.2017-ci il tarixdə yekunlaşırdı. 

Layihə səsə qoyulmuş və qanun qəbul edilmişdir. Qanuna dəyişikliklər Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalandıqdan və dərc edildikdən sonra qüvvəyə minəcəkdir.